Logo
    main-post-cover

    Netflix və Spotify məzmunlarını qanunsuz yayımlayan tətbiq ifşa edildi

    Cihazlar+
    25.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, İtaliyada hüquq-mühafizə orqanları böyük pirat yayım şəbəkəsinə qarşı əməliyyat keçirərək Cinemagoal adlı platformanın fəaliyyətinə ciddi zərbə vurublar. Qanunsuz şəkildə Netflix, Disney+, Spotify və digər platformaların məzmunlarını yenidən yayımlayan tətbiqlə bağlı ölkə üzrə 100-dən çox axtarış və müsadirə əməliyyatı aparılıb.
    A smartphone with Netflix, Disney+ and other streaming apps.
        İtaliyanın Maliyyə və İqtisadiyyat Nazirliyinə tabe olan Guardia di Finanza qurumunun məlumatına görə, Cinemagoal tətbiqi qanuni abunəliklərdən əldə olunan giriş məlumatlarını saxta hesablara ötürərək istifadəçilərə filmlər, seriallar və digər rəqəmsal məzmunlara qeyri-qanuni giriş imkanı yaradıb. Bildirilir ki, sistem platformaların təhlükəsizlik mexanizmlərini keçmək üçün xüsusi hazırlanıb və istifadəçi IP ünvanlarına bağlı işləmədiyi üçün izlənməsi çətin olub.
        Məlumata əsasən, tətbiqin illik abunə qiyməti 40–130 avro arasında dəyişib və ödənişlər əsasən kriptovalyuta və ya saxta xarici bank hesabları vasitəsilə həyata keçirilib. İtaliya tərəfi Cinemagoal fəaliyyətinin yaratdığı iqtisadi zərərin təxminən 300 milyon avro olduğunu hesablayır. Bundan əlavə, istintaq çərçivəsində tətbiqdən istifadə edən ilk 1000 istifadəçi də hədəfə alınıb. Onları 154 avrodan 5000 avroya qədər cərimələr gözləyə bilər. Əməliyyat zamanı Avropa ölkələrinin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində pirat platformaya aid serverlər, deşifrə məlumatları və tətbiqin mənbə kodları da ələ keçirilib.
    Paylaş