Logo
    main-post-cover

    Nintendo Switch 2-nin konstruksiyası barəsində məlumatlar verilib

    Cihazlar+
    29.04.2024
    Farid
         İspaniyanın Vandal adlı saytı Nintendo-nun növbəti portativ oyun konsolu (şərti adı Switch 2) barəsində yeni məlumatlar verib. Bu dəfəki məlumatlar Nintendo Switch 2-nin konstruksiyasını əhatə edirlər. Məlumata əsasən ispan jurnalistlər müxtəlif növ aksesuarların istehsalçıları ilə görüşüblər. İstehsalçıların sözlərinə əsasən isə onlar Nintendo-nun yeni portativ oyun konsolunu görüblər. İstehsalçılar bildiriblər ki, Switch 2-nin gövdəsi 2017-ci ildə təqdim edilmiş orijinal Switch-in gövdəsindən böyük, Steam Deck-in gövdəsindən isə kiçikdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Nintendo Switch 2-də Joy-Con adlı gamepad-lar konsola maqnit vasitəsilə bərkidilir.
         Mənbələrin vermiş olduqları məlumata əsasən Pro Controller gamepad-ı ikinci nəsil Switch ilə uyğunlaşa biləcək. Lakin birinci nəsil Switch-in Joy-Con gamepad-larını Switch 2-də istifadə etmək mümkün olmayacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Nintendo Switch 2-nin gələn ilin əvvəlində satışa çıxacağı gözlənilir. Daha öncə isə sözügedən portativ oyun konsolunun bu il ərzində satışa çıxacağı gözlənilirdi. Bəzi məlumatlara əsasən Switch 2-nin gələn ilin əvvəlinə kimi təxirə salınmasının əsas səbəbi onun üçün nəzərdə tutulmuş start oyunların hələ hazır olmamalarıdır. Nintendo Switch 2-nin nə zaman təqdim olunacağına gəldikdə isə bu, yaxın aylar ərzində baş tuta bilər.
    Paylaş