Logo
    main-post-cover

    Nintendo Switch 2-yə aid olduqları iddia edilən aksesuarlar satışa çıxıb

    Cihazlar+
    04.12.2024
    Emil
         Son zamanlarda Nintendo-nun yeni portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində daha çox məlumat ortaya çıxır. Bu isə onun yaxın zamanda təqdim olunacağına işara edir. Qeyd etmək lazımdır ki, şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, onun yeni portativ oyun konsolu 2025-ci ilin birinci rübünün sonuna kimi təqdim olunacaq. Yəni gələn ilin 31 mart tarixinə kimi. İndi isə məşhur insayder Tom Henderson məlumat verib ki, Çinin online alış-veriş platforması olan Alibaba-da Nintendo Switch 2 üçün nəzərdə tutulmuş ekran qoruyucuları və keyslər satışa çıxıblar.
         Satıcının sözlərinə əsasən satışa çıxmış ekran qoruyucuları və keyslər əsl oyun konsolu üçün nəzərdə tutulub və onlar saxta deyillər. Bununla yanaşı satıcı qeyd edib ki, onların ölçüləri Nintendo Switch 2-nin ölçüləri ilə eynidir. Əgər bu məlumat həqiqəti əks etdirirsə, deməli Nintendo Switch 2-nin ekranı həqiqətən də böyük ölçüdə olacaq. Satışa çıxmış keysin uzunluğu 290 mm, hündürlüyü 135 mm, eni isə 45 mm təşkil edir. Alibaba-da satışa çıxmış bu aksesuarların sözün əsl mənasında Nintendo Switch 2-yə aid olub olub-olmadıqlarını söyləmək çətindir.
         Lakin digər tərəfdən oyun konsollarının istehsalçıları çox zaman müəyyən göstəriciləri barəsində məlumatları aksesuar istehsalçılarına öncədən göndərirlər. Digər bir fakt isə ondan ibarətdir ki, Nintendo bu cür mövzularda həmişə gizliliyi qoruyur və zamanından öncə məlumatları üçüncü tərəflər ilə bölüşməyi sevmir. Heç istisna deyil ki, satışa çıxmış aksesuarlar daha öncə Nintendo Switch 2 barəsində ortaya çıxmış məlumat sızıntıları əsasında hazırlanıb.
    Paylaş