
HMD Global şirkəti yeni Nokia smartfonunu təqdim edib. Təqdim edilmiş smartfon Nokia XR21 adlanır və o, 2021-ci ildə satışa çıxmış Nokia XR20-nin davamçısıdır. Təqdim edilmiş yeni Nokia XR21 smartfonu orijinal Nokia XR20-nin konsepsiyasını özündə qoruyub saxlayıb. Yəni smartfon düşüşlərə və zərbələrə dözümlü olan gövdə ilə təchiz olunub və üstəlik gövdə IP69 standartı üzrə sudan qorunur. Texniki özəlliklər baxımından isə Nokia XR21 digər adi smartfonlardan heç də fərqlənmir. Beləliklə Nokia XR21 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.49 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə örtülüb. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Nokia XR21 özündə həmçinin kontaktsız ödənişlər üçün NFC çipi, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 695 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nokia XR21 Android 12 vasitəsilə çalışır. Lakin bununla belə onun üçün 3 Android və 4 il ərzində təhlükəsizlik yenilənmələri təqdim ediləcək. Smartfon iyun ayında 625$ qiymətində satışa çıxacaq.