
Nothing Ear (3) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti rəsmi olaraq yeni flaqman naqilsiz qulaqlığı olan Ear (3)-ü təqdim edib. Bu yeni qulaqlıq həm dizayn, həm də texniki baxımdan ciddi yeniliklər alıb. Model şirkətə məxsus şəffaf üslubu qoruyub saxlayır, lakin indi onu metal elementlərlə və yenilənmiş alüminium gövdəli şarj keysi ilə birləşdirir. Əsas yenilik Super Mic sistemi olub - 2 mikrofon birbaşa şarj keysinə inteqrasiya edilib. Bu sistem 95 dB-ə (desibel) qədər ətraf səsi filtrləyə bilir və səsin maksimal dərəcədə aydın ötürülməsini təmin edir. Bundan əlavə, istifadəçilər səsli qeydləri birbaşa keys vasitəsilə yaza və onları Essential Space adlı tətbiqdə mətnə çevirə bilərlər.

Qulaqlıqların özündə isə 3 mikrofon və sümüklə ötürmə bloku (VPU) mövcuddur. Adaptiv aktiv səsboğma sistemi səs-küyü 45 dB-ə qədər azaldır və səviyyəni mühitdən asılı olaraq avtomatik tənzimləyir. Şəffaflığı üstün tutanlar üçün isə ətraf səsləri eşitməyə imkan verən xüsusi rejim nəzərdə tutulub. Nothing Ear (3) yeni 12 millimetrlik dinamik diafraqmalı drayver ilə təchiz olunub, bu da daha geniş səs səhnəsi və gücləndirilmiş bas təmin edir. Qulaqlıqlar LDAC, AAC və SBC kodeklərini, həmçinin Hi-Res Audio texnologiyasını dəstəkləyirlər. Oyunlar üçün isə 120 millisaniyədən az gecikməyə malik aşağı ləngimə rejimi nəzərdə tutulub.

Qulaqlıqlar aktiv səsboğma olmadan 10 saata qədər musiqi oxutma, şarj keysi ilə birlikdə isə 38 saata qədər avtonom işləmə imkanı verir. Səsboğma aktiv olduqda bu göstəricilər müvafiq olaraq 5.5 və 22 saata enir. Cəmi 10 dəqiqəlik şarj 10 saata qədər istifadə imkanı təqdim edir. Şarj keysi həm USB-C vasitəsilə naqilli, həm də Qi texnologiyası ilə naqilsiz şarjı dəstəkləyir. Qulaqlıqlar və keys IP54 standartına uyğun qorunma səviyyəsinə malikdir, bu da onları nəmə və toza qarşı davamlı edir. Bir qulaqlığın çəkisi 5.2 qram, şarj keysinin çəkisi isə 71.4 qramdır. Nothing Ear (3) 179$ qiymətində satışa çıxacaq. Satışlara isə 25 sentyabr tarixində start veriləcək.
Paylaş