Nothing-in “AI-native” yanaşması real istifadədə gözləntiləri doğrultmur
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Nothing şirkətinin süni intellektə əsaslanan yeni tətbiq yanaşması ilk baxışdan maraqlı görünsə də, real istifadədə ciddi suallar doğurur. Bir həftə ərzində şirkətin Essential Apps Builder aləti ilə “vibe coding” üsulu ilə hazırlanmış tətbiqləri sınaqdan keçirən jurnalist nəticələrdən ikili hisslərlə ayrılıb.
Nothing ötən il “AI-native operating system” vizyonunu təqdim etmişdi. Şirkətin CEO-su Carl Pei bu yanaşmanı The Verge-ə verdiyi müsahibədə “bütün süni intellekt məhsullarını birləşdirən çətir anlayış” kimi izah edib. Praktikada isə bu sistem ayrıca əməliyyat sistemi deyil, Android üzərində qurulmuş süni intellekt qatıdır. Bu vizyonun mərkəzində Essential Apps adlanan kiçik AI əsaslı vidcetlər dayanır. Onlar Nothing-in Playground adlı tətbiq mağazasında yerləşən Builder aləti vasitəsilə yaradılır. İstifadəçi sadəcə istədiyini mətnlə təsvir edir, sistem isə avtomatik olaraq vidcet yaradır və onu birbaşa telefona əlavə edir.
Sadə nümunələrdə sistem özünü pis göstərmir. Məsələn, su içməyi izləyən vidcet, günün görüşlərini göstərən Google Calendar əsaslı widget və ya telefon açıldıqca emoji göstərən sadə dizaynlar nisbətən problemsiz işləyib. Vidcetləri redaktə etmək, yeniləmək və əvvəlki versiyalara qayıtmaq da kifayət qədər rahatdır. Ancaq daha funksional vidcetlərdə problemlər ortaya çıxır. Alış-veriş siyahısı yalnız bir elementi göstərir, mətnlər tez-tez yarımçıq qalır, hava proqnozu vidceti istifadəçinin real mövqeyi əvəzinə London üçün daxil edilmiş nümunə lokasiyaları göstərir. Pomodoro taymeri telefon kilidlənən kimi dayanır ki, bu da onun əsas funksiyasını tamamilə mənasız edir. Foto vidcet isə ümumiyyətlə işləməyib və “AI ilə düzəlt” funksiyası da nəticə verməyib.
Bu problemlərin bir qismi məhsulun hələ erkən beta mərhələsində olması ilə izah olunur. Hazırda Builder yalnız Nothing-in Nothing Phone (3) modeli üçün əlçatandır, məhdud ölçülü vidcetləri və az sayda sistem icazəsini dəstəkləyir. Şirkət gələcəkdə internetdən məlumat çəkmə, kamera və media kitabxanasına giriş, Bluetooth cihazlarla inteqrasiya, daha çox vidcet ölçüsü və istifadəçilərin bir-birinin tətbiqlərini “remiks” etməsi kimi imkanlar vəd edir. Lakin bu ekosistemin nə vaxt tam istifadəyə veriləcəyi hələ də qeyri-müəyyəndir.
Paylaş