main-post-cover

    Nothing Phone (1) rəsmi şəkildə təqdim edildi - QİYMƏTİ

    Cihazlar+
    12.07.2022
    Farid Pardashunas
        Əvvəlcədən də gözlənildiyi kimi Nothing şirkətinin ilk smartfon modeli olan Nothing Phone (1)-in online təqdimatı baş tutdu. Təqdim edilmiş bu smartfon bəzi unikal özəllikləri və dizaynı ilə digər brendlərin smartfonlarından fərqlənir. Nothing Phone (1)-in əsas fərqləndirici dizayn özəlliklərindən biri də onun arxa panelinin şəffaf olması və orda 900 ədəd kiçik işıq diodları hesabına hazırlanmış xüsusi işıqlandırma sisteminin yerləşməsidir. Sözügedən işıqlandırma sistemi öz növbəsində Glyph Interface adlı işıq interfeysinin işini təmin edir. Belə ki, smartfonun arxa şəffaf panelində reallaşdırılmış bu işıqlandırma sistemi smartfonun batareyasındakı enerji həcmindən, daxil olan zənglər və bildirişlərdən, konkret olaraq hansı kontaktdan gələn zəng barədə xəbərdar edə və bunun kimi bir çox funksiyaları yerinə yetirə bilər.
        Smartfonun gövdəsi əsasən emal edilmiş materillardan hazırlanıb. Nothing Phone (1) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekranın özü Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib və barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqraisya olunub. Smartfon həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Nothing Phone (1) 8 nüvəli Snapdragon 778G+ prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.88 diafraqma, optik stabilizasiya, elektron stabilizasiya) + 50 MP (f/2.2 diafraqma, 114 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya, avtofokus, 4 sm makroçəkiliş) ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli naqilli və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Bundan əlavə olaraq smartfon həmçinin 5 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyir. Onun vasitəsilə naqilsiz qulaqlıqlar kimi kiçik aksesuarları smartfonun arxa panelinin üzərinə yerləşdirərək şarj etmək mümkündür. Smartfonun arxa kameraları 4K keyfiyyətində, ön kamerası isə 1080p keyfiyyətində videolar çəkə bilirlər. Kameralar vasitəsilə video çəkən zaman smartfonun arxa panelində qırmızı rəngdə işıqlandırma sistemi işə düşür. Bu, smartfonun çəkiliş rejimində olduğuna işarə edir. Smartfon NothingOS interfeysli Android 12 vasitəsilə çalışır. Onun satışlarına 16 iyul tarixində start veriləcək. Smartfonun satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 8 GB RAM + 128 GB yaddaş - 469 avro
    - 8 GB RAM + 256 GB yaddaş - 499 avro
    - 12 GB RAM + 256 GB yaddaş - 549 avro.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər