
Nothing şirkəti aktiv şəkildə Nothing Phone (2) smartfonu üzərində çalışır. Sözügedən smartfon premium smartfonlar sinifinə daxil olacaq. Hələ keçən həftə şirkət smartfon gövdəsinin bir hissəsini özündə əks etdirmiş rəsmi tizer fotonu təqdim etmişdi. İndi isə Nothing Phone (2)-nin arxa panelini tam olaraq sərgiləyən foto ortaya çıxıb. Bununla yanaşı smartfonun texniki özəllikləri barəsində məlumat da verilib. Ortaya çıxmış fotodan da görmək olar ki, orijinal Nothing Phone (1) kimi Nothing Phone (2) də şəffaf gövdəyə sahib olacaq. Hazırlanan yeni smartfonun arxa panel dizaynı olduğu kimi qalacaq.
Lakin fotoda görmək olar ki, arxa panelin yuxarı sağ hissəsində qırmızı rəngli element mövcuddur. Çox güman ki, o, diod işıq elementidir. Texniki özəlliklərə gəldikdə isə məlumatda qeyd edilib ki, Nothing Phone (2) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Nothing Phone (2) 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq və sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Smartfonun dəqiq şəkildə nə zaman təqdim olunacağı bilinmir. Lakin onun yay aylarından birində təqdim olunacağı gözlənilir.