Logo
    main-post-cover

    Nothing Phone (2) təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.07.2023
    Emil
        Nothing şirkəti öz yeni smartfonu Nothing Phone (2)-ni təqdim edib. Şirkətin fikrincə keçən ilki Nothing Phone (1) dizayn baxımından digər smartfonlar arasında unikal idi. Buna görə də şirkət yeni smartfonun xarici görünüşündə demək olar heç bir ciddi dəyişiklik etməyib. Xarici görünüşdə əsas dəyişiklik ondan ibarətdir ki, ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ekranın yuxarı sol küncündən mərkəz hissəyə keçid edib. Ekran yastı olaraq qalsa da, onun kənar hissələri bir qədər dairəvi formalı 2.5D şüşə ilə əhatə olunub. Ümumilikdə dizayn iti olmaqdan yayınıb.
        Şirkət Nothing Phone (2)-də Glyph adlı orijinal işıqlandırma sistemini bir qədər təkmilləşdirib. Məsələn onun vasitəsilə istifadəçi smartfonda səs gücünün hansı səviyyədə olduğunu görə bilər. Glyph-in həmçinin bəzi kənar tətbiqlərlə uyğunlaşdırılması da mümkündür. Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan və tozdan qorunur. Bununla yanaşı smartfon həm arxa həm də ön paneldən Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunub.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP + 50 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Nothing Phone (2) NothingOS 2.0 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon 17 iyul tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 128 GB yaddaş - 599$
    - 12 GB RAM + 256 GB yaddaş - 699$
    - 12 GB RAM + 512 GB yaddaş - 799$.
    Paylaş
    Bənzər xəbərlər