Nothing səsi yazıb mətnə çevirən simsiz qulaqlıq təqdim edəcək
“Nothing” 8 dekabrda üzbəüz görüşləri və telefon danışıqlarını yazıb mətnə çevirən “Ear (note)” simsiz qulaqlığını tanıdacaq. Şirkətin rəhbəri Carl Pei qulaqlığı artıq göstərib, amma qiymətin hələ müəyyənləşmədiyini bildirib. Onun sözlərindən belə anlaşılır ki, bəzi funksiyalar üçün abunə tələb oluna bilər.
Üzbəüz görüşləri yazmaq üçün şarj qutusundakı mikrofonlar işə düşəcək. Telefon danışıqlarını qulaqlığın özü yazacaq. Söhbəti yazıb mətnə çevirmək üçün qutuda ayrıca düymə var. Öz səsinizi yazmaq üçün “Ear (3)” modelində olduğu kimi, qutudakı “Talk” düyməsini basa biləcəksiniz.
Qulaqlığın tətbiqində səs yazılarını dinləmək, danışıqların mətninə və süni intellektin hazırladığı xülasələrə baxmaq olacaq. “Ear (note)” ilə müxtəlif süni intellekt köməkçilərinə səslə sual verib cavab ala biləcəksiniz. “Nothing” qulaqlığa özünün hazırladığı daha sadə səsli idarəetmə sistemini də əlavə edib.
Qulaqlığın birbaşa səs yazması bu ilin əvvəlində “Ear (3a)” modelinə əlavə edilən “Audio Snapshot” funksiyasına əsaslanır. “Nothing” 2 il əvvəl “Ear” və “Ear A” modellərinə “ChatGPT” dəstəyini də əlavə etmişdi. Carl Pei-nin sözlərinə görə, “Ear (note)” insanların onsuz da taxdığı cihazlara süni intellekt funksiyaları əlavə edəcək məhsulların ilkidir.
“Amazon”un üzərinizdə daşıya biləcəyiniz “Bee” cihazı da oxşar məhsuldur. “Apple Watch”da da buna bənzər funksiya var. “Anker”in “Soundcore Liberty 5 Pro Max” modeli səsi birbaşa şarj qutusuna yazır. Tətbiqdə həmin yazını mətnə çevirmək və xülasəsini hazırlamaq olur. “Plaud” da görüşləri yazıb mətnə çevirən, elektron məktub və ya təqdimat hazırlamağa kömək edən “Plaud One” qulaqlığını elan edib.
Daha əvvəl yayılan qeyri-rəsmi məlumatlara görə, “Nothing” süni intellekt funksiyaları olan ağıllı saat və ağıllı eynək üzərində işləyirdi. Həmin cihazlarla bağlı planların təxirə salındığı deyilir. Şirkət 2027-ci ildə smartfonlarını 2026-cı illə müqayisədə daha tez-tez tanıtmağı planlaşdırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...