NVIDIA daha bir rekord qırdı
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, NVIDIA növbəti dəfə rekord maliyyə nəticələrini açıqlayıb. Şirkət 26 aprel tarixində başa çatan rüb üzrə ümumi gəlirini 81.6 milyard dollar elan edib ki, bu da əvvəlki rüblə müqayisədə 20 % artım deməkdir. Xüsusilə süni intellekt və məlumat mərkəzləri istiqaməti NVIDIA-nın əsas gəlir mənbəyi olaraq qalır. Bu seqment üzrə gəlir rekord həddə çataraq 75.2 milyard dollar olub.
Güclü maliyyə göstəricilərindən sonra şirkət əlavə olaraq 80 milyard dollarlıq səhmlərin geri alınması proqramına da start verdiyini açıqlayıb. NVIDIA maliyyə direktoru Colette Kress bildirib ki, şirkətin yeni nəsil Blackwell arxitekturası artıq bazarda geniş şəkildə tətbiq olunur:
“Blackwell arxitekturası artıq hər yerdədir. O, bütün böyük hyperscaler şirkətlər, bulud xidmət təminatçıları və aparıcı AI model istehsalçıları tərəfindən istifadə edilir”.
Bununla yanaşı, NVIDIA gələcək rüb üçün artım tempinin nisbətən yavaşlayacağını proqnozlaşdırır. Şirkət növbəti rübdə 91 milyard dollar gəlir gözləyir ki, bu da təxminən 12 %-lik artım deməkdir. Hesabatın diqqətçəkən digər məqamı isə NVIDIA-nın startap və özəl şirkətlərə yatırımları olub. Şirkətin özəl şirkətlərdəki paylarının ümumi dəyəri cəmi bir rüb ərzində 22 milyard dollardan 43 milyard dollara yüksəlib. Bu artım əsasən rüb ərzində edilən 18.5 milyard dollarlıq yeni investisiyalar hesabına baş verib. Müqayisə üçün qeyd edək ki, əvvəlki rübdə bu göstərici cəmi 649 milyon dollar idi.
Bu rəqəmlərə NVIDIA-nın açıq bazarda fəaliyyət göstərən şirkətlərə, o cümlədən Corning və IREN-ə yatırımları daxil deyil. Həmçinin şirkətin fevral ayında OpenAI-a ayırmağı öhdəsinə götürdüyü 30 milyard dollarlıq investisiya da hələ bu hesabatda əks olunmayıb. Şirkətin rəhbəri Jensen Huang isə investorlarla görüş zamanı Anthropic ilə əməkdaşlığın da genişlənəcəyini vurğulayıb. Onun sözlərinə görə, NVIDIA bu və gələn il ərzində Anthropic üçün ciddi hesablama gücü infrastrukturu istifadəyə verəcək.
Paylaş