NVIDIA üçün yeni zərbə: Çin RTX 5090D V2 idxalını dayandırdı
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Çin hökuməti NVIDIA-nın yalnız Çin bazarı üçün hazırladığı RTX 5090D V2 videokartının idxalına məhdudiyyət tətbiq edib. Məlumata görə, qərar mayın 15-dən qüvvəyə minib və bu addım NVIDIA CEO-su Jensen Huang-ın Pekində olduğu dövrə təsadüf edib. RTX 5090D V2 modeli ötən ilin avqustunda ABŞ ixrac məhdudiyyətlərinə uyğunlaşdırılmış formada xüsusi olaraq Çin bazarı üçün təqdim edilmişdi. Rəsmi olaraq oyunçular və 3D qrafika mütəxəssisləri üçün nəzərdə tutulan videokart praktikada Çində süni intellekt şirkətləri tərəfindən daha geniş istifadə olunurdu.
Bunun əsas səbəbi isə Çin şirkətlərinin NVIDIA-nın H100, H200 və yeni nəsil Blackwell məlumat mərkəzi çiplərinə çıxışının məhdudlaşdırılması idi. Şirkətlər RTX 5090D V2-ni alternativ həll kimi istifadə edərək onu AI modellərinin təlimi və inferensiya proseslərində tətbiq edirdilər. Məlumatlara əsasən, bu qərar Çinin yerli çip istehsalçılarına üstünlük vermə strategiyası ilə əlaqəlidir. Pekin son aylarda böyük AI şirkətlərinə NVIDIA məhsullarından asılılığı azaltmaq və yerli həllərə, xüsusilə Huawei şirkətinin Ascend platforması və Cambricon tərəfindən hazırlanan akseleratorlara keçidi sürətləndirmək çağırışı edib.
Bu fonda Alibaba şirkətinin T-Head bölməsi tərəfindən təqdim edilən Zhenwu M890 çipi də Çinin yerli yarımkeçirici strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Maraqlıdır ki, ABŞ tərəfi məsələni fərqli şərh edir. Donald Trump daha əvvəl bildirmişdi ki, ABŞ müəyyən NVIDIA məhsulları üçün ixrac icazələrini təsdiqləsə də, alışların qarşısını alan tərəf məhz Çindir. Hazırda NVIDIA məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Çin gömrük orqanları da qadağanın hüquqi əsaslarını, milli təhlükəsizlik, rəqabət siyasəti və ya satınalma strategiyası hələ açıqlamayıblar.
Paylaş