
OnePlus 11 Concept smartfonunun tam ölçülü fotosu ortaya çıxıb
Dünən OnePlus şirkəti yeni konseptual smartfonunun bəzi dizayn özəlliklərini sərgiləmişdi. İndi isə internetdə sözügedən smartfonun tam ölçüdə fotosu ortaya çıxıb. Ortaya çıxmış foto yeni konseptual smartfonun qeyri-adi xarici görünüşünü qiymətləndirməyə imkan verir. Foto böyük ehtimal ilə konseptual smartfon üçün nəzərdə tutulmuş reklam videosundan götürülüb. Beləliklə fotodan da görmək olar ki, OnePlus 11 Concept-in arxa panelində LED elementlər mövcuddur və həmin elementlər ziqzaq formalı zolaq dizaynında reallaşdırılıb.
Məlumata əsasən ziqzaq formasında reallaşdırılmış zolaq təkcə dizayner özəlliyi deyil. Belə ki, o, smartfonun soyutma sisteminin bir hissəsidir. OnePlus 11-in Concept versiyasının adi versiyadan daha bir fərqi onda olacaq ki, konseptual modelin arxa panelindəki dairəvi kamera sahəsinin ölçüsü daha böyük olacaq. Məlumdur ki, kamera sahəsinin daxilində yerləşən obyektivlərdən biri periskop zoom obyektividir. Qeyd etmək lazımdır ki, OnePlus 11 Concept gələn həftə Barselonada start götürəcək MWC 2023 sərgisində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər