
OnePlus Nord CE 3 smartfonunun render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder OnePlus Nord seriyasına daxil olacaq yeni büdcəli smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Söhbət, OnePlus Nord CE 3 smartfonundan gedir. Sözügedən smartfon OnePlus Nord CE 2 modelinin davamçısı olacaq. Smartfon yastı kənar hissələrə sahib gövdəni əldə edəcək. Onun ekranının yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
Xarici görünüş baxımından yeni büdcəli smartfon 2015-ci ildə satışa çıxmış OnePlus X-i xatırladır. OnePlus Nord CE 3 özündə üçlü arxa kameranı birləşdirəcək. Güman olunur ki, əsas kamera obyektivi 108 MP-lik olacaq. Bununla yanaşı smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Snapdragon 695 prosessoru, 256 GB-a kimi daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. OnePlus Nord CE 3 gələn ilin əvvəlində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər