
OpenAI-nin süni zəka əsaslı cihazı iPod Shuffle-a bənzəyə bilər
Cihazlar+
23.05.2025
Emil
OpenAI şirkətinin Jony Ive-ın io adlı startapını almasından və tərəflərin süni zəka əsaslı cihaz üzərində çalışdıqları xəbərlərindən sonra internetdə bu planlaşdırılan razılaşma ilə bağlı insayder məlumatları yayılıb. Məşhur sənaye analitiki Ming-Chi Kuo gələcək süni zəka əsaslı cihazın necə görünəcəyini açıqlayıb, dizayner Ben Geskin isə onun ehtimal olunan görünüşünü əks etdirən render təsviri hazırlayıb. Kuo-nun şəxsi araşdırmasına istinadən bildirilir ki, hazırkı prototip satışda uğursuz olmuş Humane AI Pin-dən bir qədər böyükdür. Bununla belə, gələcək cihazın form-faktoru iPod Shuffle qədər kompakt və zərif olacaq.

Hazırda cihaz erkən hazırlanma mərhələsindədir və onun kütləvi istehsalına 2027-ci ildən tez başlanması gözlənilmir. “Fikrimcə, OpenAI-nin məhz indi Jony Ive ilə əməkdaşlıq elan etməsinin səbəblərindən biri, yəqin ki, Google-un son I/O tədbirindən sonra bazarın diqqətini yayındırmaq istəməsidir. Google-un təqdim etdiyi ekosistem və əsas çıxışlarda nümayiş etdirilmiş süni zəka inteqrasiyası OpenAI üçün hazırda qarşısında duran ciddi bir problemdir. Nəticədə OpenAI diqqəti yayındırmaq üçün yeni bir yanaşmadan istifadə edir” - deyə Kuo ehtimal edir.
Analitik ehtimal edib ki, cihazın istifadəsi üçün mümkün variantlardan biri onun boyundan asma formasında daşınmasıdır. Bu isə The Wall Street Journal nəşrinin məlumatı ilə ziddiyyət təşkil edir. Orada qeyd olunurdu ki, bu cihaz heç bir formada bədənə taxıla bilməyəcək. Gözlənilir ki, aksessuarın gövdəsinə mikrofon və kamera quraşdırılacaq, lakin ekranı olmayacaq. Dizayner Ben Geskin mövcud məlumatlara əsaslanaraq cihazın təxmini dizaynını əks etdirən konsept-art hazırlayıb. Bununla belə, bu sadəcə onun fərziyyələridir. Real məhsul tamamilə fərqli görünə bilər.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
