Logo
    main-post-cover

    OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb

    Cihazlar+
    06.10.2025
    Emil
         OpenAI Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive-in komandası süni intellekt əsaslı gizli cihazın hazırlanması zamanı yaranmış texniki problemlərin aradan qaldırılması üzərində çalışır. Gözlənilir ki, bu sirli məhsul gələn il ictimaiyyətə təqdim ediləcək. OpenAI bu ilin may ayında Iveə məxsus io startapını 6.5 milyard dollara almışdı. O vaxtdan bəri birgə həyata keçirilən layihələr barədə az məlumat yayılıb. Bununla belə, məlumdur ki, şirkətlər ovuc boyda kompakt bir cihaz üzərində işləyirlər - bu cihazda ekran yoxdur, lakin o, səs və vizual əmrləri tanıya və istifadəçilərin sorğularına cavab verə bilir. Məlumatlı mənbələrin sözlərinə görə, OpenAI və Jony Ive hələ də cihazın buraxılış tarixini gecikdirə biləcək bir sıra kritik problemləri həll etməlidirlər. Ive-in komandası tərəfindən hazırlanmış aparat hissəsi mövcud olsa da, proqram təminatı və onun işləməsi üçün zəruri infrastrukturla bağlı çətinliklər qalmaqdadır.
    Jony Ive və Sam Altman:
         Söhbət, həmçinin virtual köməkçinin “şəxsiyyətinin” seçilməsindən, məlumatların məxfiliyi məsələlərindən və OpenAI-nin süni intellekt alqoritmlərinin istehlakçı bazarına çıxarılacaq cihazda işləməsi üçün tələb olunan hesablama gücünün xərclərinin müəyyən edilməsindən gedir. “Hesablama gücü gecikmənin əsas səbəblərindən biridir. Amazon-un Alexa, Google-un isə Home cihazları üçün kifayət qədər resursları var. Amma OpenAI hələ ChatGPT üçün belə kifayət qədər hesablama gücü tapmaqda çətinlik çəkir, süni intellekt cihazı barədə isə hələ danışmağa da tezdir - əvvəlcə bu məsələni həll etməlidirlər” deyə Jony Ive-ə yaxın mənbə anonimlik şərti ilə bildirib. OpenAI-a yaxın mənbə bildirib ki, yaranmış problemlər yeni məhsulun hazırlanma prosesinin bir hissəsidir. Başqa bir məlumatlı mənbə isə qeyd edib ki, bu çətinliklər məhsulun inkişaf mərhələsində tamamilə normal haldır.
         Əvvəllər KİV yazmışdı ki, OpenAI və Jony Ive-in komandası istifadəçi ilə qarşılıqlı əlaqənin kamera, mikrofon və səsgücləndirici vasitəsilə həyata keçiriləcəyi, smartfon ölçüsündə bir cihaz üzərində işləyir. Mənbələrdən biri əlavə edib ki, cihaz bir neçə kamera ilə təchiz oluna bilər. Mövcud məlumatlara görə, bu cihaz masa və ya iş səthinə yerləşdirmək üçün nəzərdə tutulub, lakin lazım gəldikdə daşına biləcək formada olacaq. Mənbələrdən birinin sözlərinə görə, cihaz fasiləsiz aktiv vəziyyətdə qalacaq və yalnız açar söz və ya əmrlə deyil, davamlı şəkildə işləyəcək. Ona inteqrasiya edilmiş sensorlar gün ərzində məlumat toplayacaq və bu da zamanla virtual köməkçinin “yaddaşının” formalaşmasına kömək edəcək. Tərtibatçılar adətən musiqi dinləmək və ya mətbəxdə taymer qurmaq kimi məhdud tapşırıqları yerinə yetirmək üçün istifadə olunan ağıllı səs köməkçilərini təkmilləşdirmək istəyirlər.
         Problemlərdən biri ondan ibarətdir ki, cihaz istifadəçilərin söhbətlərinə yalnız uyğun vaxtlarda qarışmalı, lakin dialoqa nə zaman son qoymağın lazım olduğunu anlamadan onlara mane olmamalıdır. Bu, hazırkı ChatGPT versiyasında da mövcud olan problemlərdən biridir. “Məqsəd odur ki, sizdə qəribə süni intellekt sevgilisi deyil, bir növ kompüter dostu yaransın. Siri-yə bənzər, amma ondan daha yaxşı bir şey” - deyə məlumatlı mənbə bildirib. O həmçinin əlavə edib ki, OpenAI cihazı həm əlçatan, həm də istifadəçiyə narahatlıq yaratmayacaq şəkildə təqdim etməyin yollarını axtarır. Başqa bir mənbə isə qeyd edib ki, süni intellekt modelinin “şəxsiyyətini” balanslaşdırmaq olduqca çətindir.
         Alqoritm nə yaltaq, nə həddindən artıq birbaşa olmalı, faydalı olmalı, amma eyni zamanda çox danışmamalıdır. Tərtibatçılar güclü və faydalı bir cihaz yaratmağa çalışsalar da, süni intellekt köməkçisinin şəxsiyyətinin formalaşdırılması və onun istifadəçi ilə ünsiyyət tərzinin müəyyənləşdirilməsi mürəkkəb və incə bir vəzifə olaraq qalır. OpenAI cihazı mürəkkəb bir bazara çıxmağa hazırlaşır. Boyunda kulon kimi taxılan süni intellekt əsaslı Friend cihazı ünsiyyət tərzinə görə ciddi tənqidlərə məruz qalıb. OpenAI rəhbəri Sam Altman-ın investisiya etdiyi Humane şirkətinin AI Pin adlı cihazı isə çox qısa müddət ərzində istehsaldan çıxarılıb.
         Buna baxmayaraq, şirkət aparat məhsulları üzərində çalışan bölməsində işçi sayını artırır. io startapının alınması nəticəsində OpenAI-yə əvvəllər Apple-da çalışmış və Jony Ive tərəfindən öz startapına cəlb edilmiş 20-dən çox mütəxəssis qoşulub. Mənbənin məlumatına görə, bu il OpenAI həmçinin Apple cihazları üzrə 10-dan çox mütəxəssis işə götürüb. Eyni şəkildə, Meta Platforms şirkətindən - Quest VR cihazları və ağıllı eynəklər üzərində işləyən mütəxəssislər də OpenAI tərəfindən cəlb edilib. Mənbə bildirir ki, OpenAI ilk aparat məhsulunun istehsalı prosesində Çinin Luxshare kimi kontrakt istehsalçıları ilə də əməkdaşlıq edir. Bununla belə, cihazın yığılmasının Çindən kənarda təşkil ediləcəyi istisna edilmir - bu da Çin və ABŞ arasında gərgin münasibətlər fonunda tamamilə təəccüblü deyil.
    Paylaş