Logo
    main-post-cover

    OPPO Find N5 qatlana bilən smartfonların əsas problemlərindən birini aradan qaldıracaq

    Cihazlar+
    06.02.2025
    Emil
         OPPO şirkəti öz yeni qatlana bilən smartfonunun təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir. Söhbət, OPPO Find N5-dən gedir. Son zamanlarda bu smartfon barəsində çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə OnePlus-ın CEO-su qismində çıxış edən və üstəlik OPPO-nun top menecerlərindən biri olan Pete Lau təqdimata hazırlaşan OPPO Find N5 smartfonu barəsində yeni rəsmi məlumatı təqdim edib. Pete Lau öz növbəsində OPPO Find N5-in tam açıq vəziyyətdə əks olunmuş fotosunu sərgiləyib.
         Təqdim edilmiş fotoda OPPO Find N5-in yanında Samsung Galaxy Z Fold 6-nın əks olunduğu güman edilir. Fotodan da görmək olar ki, Galaxy Z Fold 6 ilə müqayisədə OPPO Find N5-in daxili ekranı üzərində heç bir qatlanma izi mövcud deyil. Pete Lau da sözügedən fotonun başlığında “Heç bir qatlanma izi aşkar edilməyib” cümləsini qeyd edib. Ümumiyyətlə indiyədək təqdim edilmiş qatlana bilən smartfonların əsas mənfi özəlliklərindən biri də onların ekranları üzərində qatlanma izinin olması idi.
         Bu mənfi özəllik çox zaman potensial alıcıları bu və ya digər qatlana bilən smartfonun əldə edilməsi fikrindən daşındırır. Lakin görünür, OPPO şirkəti təqdimata hazırlaşan OPPO Find N5 smartfonunda bu problemi aradan qaldırmağa nail ola bilib. Qeyd etmək lazımdır ki, OPPO Find N5 həmçinin bazarda ən nazik gövdəli qatlana bilən smartfon olmalıdır. Gözləntilərə əsasən sözügedən smartfon 8 düym ölçülü daxili ekranla təchiz olunacaq, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Mənbə: GSMarena
    Paylaş