Logo
    main-post-cover

    Oppo Find N6 təqdim olundu

    Cihazlar+
    17.03.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Oppo yeni nəsil qatlanan smartfonu Find N6 modelini təqdim edib. Yüksək texniki göstəriciləri, incə dizaynı və gücləndirilmiş kamera sistemi ilə diqqət çəkən cihaz hələlik yalnız Asiya bazarları üçün nəzərdə tutulub və ABŞ və Avropada satışa çıxarılması planlaşdırılmır.
        Oppo bu modeldə ən çox qatlanan ekranlarda yaranan “qat izi” probleminə fokuslanıb. Şirkətin “zero-feel crease” adlandırdığı texnologiya sayəsində ekranın qatlandığı hissə demək olar hiss olunmur. 3D maye çap və lazer skan texnologiyası vasitəsilə menteşə səthi daha dəqiq formalaşdırılıb və hündürlük fərqi 0.2 mm-dən 0.05 mm-ə qədər azaldılıb.
        TÜV Rheinland testlərinə görə, yeni modeldə uzunmüddətli istifadədə qat izinin yaranması əvvəlki nəsillə müqayisədə 82 % daha azdır. Buna baxmayaraq, qat izi tamamilə yox olmayıb, az hiss olunur, amma görünür. Find N6 qatlanmış vəziyyətdə cəmi 8.93 mm qalınlığa malikdir ki, bu da adi flaqman smartfonlara çox yaxın göstəricidir. Cihaz həmçinin IP59 sertifikatı ilə suya və toza qarşı daha yaxşı qorunma təqdim edir.
        Telefonun üzərində istifadəçinin istədiyi funksiyaya təyin edə biləcəyi xüsusi fiziki düymə də əlavə olunub.
        Smartfon əvvəlki modeldə olduğu kimi:
        •    6.62 düymlük xarici ekran,
        •    8.12 düymlük daxili qatlanan ekranla gəlir.
        Lakin parlaqlıq səviyyəsi artırılıb:
        •    ön ekran — 3500 nit,
        •    daxili ekran — 2500 nit.
        Bu göstəricilər Oppo-nun əvvəlki qatlanan modellərindən yüksək olsa da, bəzi rəqiblər hələ də daha parlaq ekran təqdim edir. Find N6 xüsusi hazırlanmış 7 nüvəli Snapdragon 8 Elite Gen 5 prosessoru ilə işləyir. Ən diqqətçəkən yeniliklərdən biri isə 6000 mAh həcmli silikon-karbon batareyadır.
        Testlərə görə:
        •    xarici ekranda fasiləsiz video izləmə — təxminən 30 saat,
        •    daxili ekranda — 24 saat davam edir.
        Telefon həmçinin:
        •    80W SUPERVOOC sürətli şarj,
        •    55W digər sürətli adapterlər,
        •    50W AIRVOOC simsiz şarj dəstəyi təqdim edir.
        Oppo kamera sistemində ciddi yeniləmələr edib:
        •    200 MP əsas kamera (f/1.8),
        •    50 MP ultra-geniş bucaq,
        •    3x periskop zoomlu 50 MP telefoto kamera.
        Bütün kameralar 4K 60fps Dolby Vision video çəkilişini dəstəkləyir. Şirkət foto keyfiyyətini artırmaq üçün Hasselblad ilə əməkdaşlığı davam etdirir və peşəkar idarəetmə imkanları təqdim edən Master Mode və XPAN panoramik rejimləri qorunub saxlanılıb.
        Find N6 məhsuldarlıq yönümlü istifadəçilər üçün hazırlanıb. İstifadəçilər eyni anda bir tam ekran tətbiqi və üç ayrı “Free-Flow Window” pəncərəsini işlədə bilər. Bundan əlavə, yeni Oppo AI Pen stylus qələmi qeyd aparmaq və idarəetməni asanlaşdırmaq üçün əlavə olunub. Telefon həmçinin iPhone Connect funksiyası ilə Apple cihazları arasında AirDrop-a bənzər fayl paylaşımını dəstəkləyir və uzaqdan PC idarəetmə funksiyası təqdim edir.
        Oppo Find N6 martın 20-dən etibarən Çin, Yaponiya, Malayziya və digər Asiya ölkələrində satışa çıxacaq. Başlanğıc qiyməti Çində 9999 yuan (təxminən 1450 dollar) olacaq və baza versiyası 12 GB RAM və 256 GB yaddaşla təqdim ediləcək.
    Paylaş