Oppo qat izini demək olar ki, yox edən yeni texnologiya təqdim edir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Oppo Find N6 qatlana bilən smartfon bazarında diqqət çəkən yeniliklə təqdim olunmağa hazırlaşır. Oppo şirkətinin martın 17-də rəsmi olaraq təqdim edəcəyi yeni modeldə ekran qatının demək olar ki, hiss olunmaması əsas yeniliklərdən biri kimi göstərilir.
Şirkət yeni modelin ekranını “zero-feel crease”, yəni demək olar ki, hiss olunmayan qat izinə sahib ilk qatlana bilən ekran kimi təqdim edir. Praktik istifadə zamanı isə qat izinin tam yox olmadığı, lakin çox zəif hiss edildiyi qeyd olunur. İşığın və baxış bucağının müəyyən vəziyyətində bu izi görmək mümkün olsa da, əvvəlki modellərlə müqayisədə xeyli az nəzərə çarpır.
Oppo bu nəticəni əldə etmək üçün yeni istehsal texnologiyası olan 3D maye çapdan istifadə edib. Şirkətin açıqlamasına görə, qatlana bilən telefonlarda qat izi əsasən menteşə səthindəki mikroskopik hündürlük fərqlərindən yaranır. Bu problemi aradan qaldırmaq üçün menteşə lazer vasitəsilə skan edilir, daha sonra qeyri-bərabər sahələrə xüsusi fotosensitiv polimer əlavə olunaraq ultrabənövşəyi işıqla bərkidilir. Bu proses 20 dəfədən çox təkrarlanır və nəticədə səthdəki fərq orta hesabla cəmi 0,05 mm olur ki, bu da insan saçından daha nazikdir.
Şirkət həmçinin bildirir ki, yeni ekran texnologiyası sayəsində qat izi zamanla daha da dərinləşməyəcək. Bunun üçün cihazda daha qalın və davamlı qatlana bilən şüşə istifadə olunur. Oppo nümayiş zamanı təxminən 200 min dəfə qatlanmış test cihazını da göstərib və onun ekranında nəzərəçarpacaq fərq olmadığı iddia edilir. Texniki xüsusiyyətlərin böyük hissəsi hələ açıqlanmasa da, bəzi detallar artıq məlumdur. Oppo Find N6 modelində 200 meqapiksellik kamera, stilus dəstəyi və IP56, IP58 və IP59 səviyyəsində toz və suya davamlılıq olacaq. Bu göstəricilər Honor Magic V6 modelindəki IP69 və Google Pixel 10 Pro Fold modelindəki IP68 standartlarından bir qədər aşağıdır.
Yeni telefonun ölçü baxımından olduqca nazik olacağı bildirilir və o, əvvəlki Oppo Find N5 modeli və Samsung Galaxy Z Fold 7 ilə oxşar qalınlığa sahib olacaq. Cihazın gümüş rənglə yanaşı narıncı variantda da satışa çıxarılacağı gözlənilir. Şirkət bütün texniki detalların martın 17-də keçiriləcək təqdimatda açıqlanacağını bildirir. Oppo bu təqdimatı “qlobal” adlandırsa da, əvvəlki model olan Find N5-in yalnız Çin və bəzi Asiya bazarlarında satışa çıxması səbəbindən cihazın hansı ölkələrdə satışa təqdim ediləcəyi hələ dəqiq deyil.
Paylaş