Optimus-un kütləvi istehsalı gecikə bilər
Elon Musk bildirib ki, Optimus humanoid robotu şirkətin indiyədək kütləvi istehsala çıxarmağa çalışdığı ən çətin məhsul olacaq. Onun sözlərinə görə, robot üçün hazır təchizat zənciri mövcud deyil və istifadə olunan demək olar ki, bütün komponentlər sıfırdan hazırlanır. Musk şirkətin ikinci rüb maliyyə hesabatı zamanı investorlarla görüşdə deyib ki, Optimus-un istehsalının ilk mərhələdə yavaş irəliləməsi normaldır və bu proses investorların gözlədiyindən daha uzun çəkə bilər. O bildirib ki, məqsədi gözləntiləri düzgün formalaşdırmaqdır. Diqqətçəkən məqamlardan biri də Tesla-nın ikinci rüb təqdimatından Optimusun kütləvi istehsalı ilə bağlı ifadələri çıxarması olub. Halbuki şirkət birinci rüb hesabatında hələ də bu planlardan bəhs edirdi.
Musk-ın açıqlamaları əvvəlki proqnozlarla müqayisədə daha ehtiyatlı görünür. O, ötən illərdə beş il ərzində ayda 100 min Optimus istehsal etməyin mümkün olacağını, 2026-cı ildə isə 50–100 min robot istehsal etməyi hədəflədiyini bildirmişdi. Lakin bu ilin əvvəlində etiraf etmişdi ki, Tesla zavodlarında yerləşdirilən minlərlə Optimus robotu hələ faydalı iş görmür və əsasən süni intellekt sisteminin öyrədilməsi üçün məlumat toplayır. Musk-ın sözlərinə görə, Optimus-un real həyatda faydalı olması üçün onun ən azı insan səviyyəsində çevikliyə, xüsusilə də insan əlinə bənzər manipulyasiya qabiliyyətinə malik olması lazımdır. Bundan əlavə, şirkət yaddaş, məntiq, xüsusi çiplərin inteqrasiyası və istehsal prosesində bir sıra mürəkkəb texniki problemləri həll etməlidir.
Tesla bildirir ki, Optimus təxminən 10 min unikal hissədən ibarətdir. Çinli rəqiblər mövcud smartfon istehsalı ekosistemindən istifadə edə bildiyi halda, Tesla robot üçün lazım olan istehsal və təchizat infrastrukturunu demək olar ki, tamamilə sıfırdan qurur.
Paylaş
