
Orta büdcəli Moto Pad 60 NEO planşeti təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti yeni orta büdcəli planşetini təqdim edib. Söhbət, Moto Pad 60 NEO-dan gedir. Bu planşet böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və 5G dəstəyini əldə edib. Beləliklə Moto Pad 60 NEO planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Ekran stilus dəstəyinə sahibdir və onun komplektinə Moto Pen adlı stilus daxildir. Planşetin gövdəsi IP52 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir.

Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Planşet MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto Pad 60 NEO özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 20 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto Pad 60 NEO bu ayın sonuna yaxın Hindistanda satışa çıxacaq və onun qiyməti 203$ təşkil edəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş