
Orta büdcəli OnePlus Nord CE 3 Lite təqdim edilib - QİYMƏTİ
Çoxlu sayda olmuş məlumat sızıntısından sonra OnePlus şirkəti orta büdcəli OnePlus Nord CE 3 Lite smartfonunu təqdim edib. Özündə təkmilləşdirilmiş mobil çəkiliş imkanlarını, sürətli şarj texnologiyasına sahib batareyanı və gündəlik tapşırıqların yerinə yetirilməsi üçün balanslaşdırılmış texniki özəllikləri birləşdirən bu smartfon ilk növbədə gənc nəsil üçün nəzərdə tutulub. Beləliklə OnePlus Nord CE 3 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym LCD ekran ilə təchiz olunub.
Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı OnePlus Nord CE 3 Lite modeli özündə stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 695 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 108 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OxygenOS 13.1 interfeysli Android 13 vasitəsilə çalışır. OnePlus Nord CE 3 Lite artıq Hindistan bazarında satışa çıxıb və onun qiyməti 243$-dan başlayır. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər