Oura Ring 5 təqdim olundu
Ağıllı üzük bazarının aparıcı məhsullarından biri hesab olunan Oura Ring 5 təqdim edilib. Yeni model əvvəlki nəsillə müqayisədə daha nazik və yüngül korpusa sahib olsa da, funksional baxımdan böyük dəyişikliklər təklif etmir. Buna görə də ekspertlər hesab edir ki, Oura Ring 4 istifadəçilərinin yeni modelə keçməsi üçün ciddi səbəb yoxdur. Oura Ring 5 əvvəlki nəsildə olduğu kimi eyni sensorlardan istifadə edir. Batareya ömrü də demək olar ki, dəyişməyib və proqram təminatına əlavə edilən bütün yeni funksiyalar Oura Ring 4 istifadəçiləri üçün də əlçatandır. Bu səbəbdən yeni model əsasən ilk dəfə ağıllı üzük almağı planlaşdıran istifadəçilərə tövsiyə olunur.
Yeni üzüyün ən diqqətçəkən yeniliyi daha incə və yüngül dizaynıdır. Bundan əlavə, metal örtüyün cızıqlara qarşı daha davamlı olduğu, yeni simsiz enerji doldurma qutusunun təqdim edildiyi və proqram təminatına bir sıra sağlamlıq funksiyalarının əlavə olunduğu bildirilir. Bununla yanaşı, bəzi çatışmazlıqlar da var. Oura Ring 5 əvvəlki modeldə mövcud olan bütün ölçülərdə satılmayacaq. Şirkət 4, 5, 14 və 15 ölçülərini hələlik təklif etmir. Bundan başqa, əvvəlki nəsildə mövcud olan keramika versiyası da bu dəfə təqdim edilməyib.
Digər narazılıq doğuran məqam isə enerji doldurma aksesuarıdır. Simsiz doldurma qutusu standart komplektə daxil edilmir və ayrıca 99 dollara satılır. Üstəlik, Oura Ring 4 üçün alınmış doldurma qutusu yeni modellə uyğun gəlmir. Ekspertlərin fikrincə, Oura Ring 5 hazırda bazardakı ən yaxşı ağıllı üzük statusunu qoruyur. Lakin yeni model inqilabi yeniliklər təqdim etmədiyi üçün əsas hədəf auditoriyası ilk dəfə ağıllı üzük almaq istəyən istifadəçilərdir.
Paylaş
Bənzər xəbərlər