Logo
    main-post-cover

    PayPal Ventures fəaliyyətini dayandırır

    Cihazlar+
    17.06.2026
    Sevinj
        PayPal-ın korporativ investisiya qolu olan PayPal Ventures fəaliyyətini dayandırmağa hazırlaşır. Məlumata görə, 2016-cı ildə yaradılan fondun əməliyyatları mərhələli şəkildə bağlanacaq. Şirkət sözçüsü xəbəri təsdiqləyərək bildirib ki, PayPal hazırda investisiya bölməsi ilə bağlı müxtəlif strateji variantları dəyərləndirir.
        PayPal Ventures indiyədək 80-dən çox şirkətə sərmayə yatırıb. Fondun portfelinə kriptovalyuta ticarət platforması Talos Global, maliyyə texnologiyaları şirkəti Plaid və kripto-bank Anchorage Digital kimi tanınmış startaplar daxildir. Ümumilikdə fond üç investisiya proqramı çərçivəsində 850 milyon dollar vəsait toplayıb.
        Fondun bağlanması qərarı PayPal-da rəhbərlik dəyişikliyindən sonra baş verir. Fevral ayında şirkətin rəhbərliyinə gətirilən Enrique Lores genişmiqyaslı yenidən strukturlaşma prosesinə start verib. Məlumata görə, qarşıdakı illərdə əlavə ixtisarlar və optimallaşdırma tədbirləri də davam edə bilər.
         Ekspertlər hesab edirlər ki, PayPal Ventures şirkətə maliyyə texnologiyaları sahəsində yaranan yeni tendensiyaları yaxından izləmək imkanı verirdi. Fondun bağlanması PayPal-ın gələcəyin maliyyə xidmətlərini formalaşdıran startaplarla əlaqələrini zəiflədə və rəqibləri ilə müqayisədə geridə qalmasına səbəb ola bilər.
        Bununla yanaşı, PayPal investisiya portfelindəki bəzi paylarını satmaq imkanlarını da araşdırır. Şirkət bu prosesdə investisiya bankı Jefferies ilə əməkdaşlıq edir. Rəhbərlik bildirib ki, əsas məqsəd şirkətin texnologiya yönümlü strategiyasını gücləndirmək və xüsusilə süni intellekt sahəsində mövqeyini möhkəmləndirməkdir.
    Paylaş