Peak Design ömürlük zəmanətli şarj cihazları və kabellər təqdim etdi
“Peak Design” çanta və ştativlərdən sonra telefonlar üçün şarj cihazları, batareyalar və kabellər bazarına girib. Kolleksiyaya naqilsiz səyahət batareyası, 2 cihazı eyni vaxtda dolduran stansiya, nazik adapter və USB-C kabellər daxildir. Məhsulların korpusunda alüminium və sink kimi materiallar işlədilib. Qiymətlər daha bahalı, premium seqmentə uyğundur.
“Wireless Kickstand Travel Battery” qara və krem rənglərdə 99,95 dollara (təxminən 170 manat) satılır. 10,5 mm qalınlığındakı alüminium korpusda 5 000 mAh batareya və qatlanan dayaq var. “Peak Design” bu modeli Qi2.3 sertifikatı alan ilk naqilsiz şarj cihazı adlandırır. Batareya rejimində şarj gücü 15 Vt-dır. Cihaz xarici enerji mənbəyinə qoşulanda göstəricilər ziddiyyətlidir: texniki açıqlamaların birində 25 Vt, digərində 5 Vt yazılıb.
Qatlanan dayaq “MagSafe” və ya “PixelSnap” uyğun telefonları həm şaquli, həm də üfüqi saxlaya bilir. “Wireless Charging Station 2-in-1” də 99,95 dollara (təxminən 170 manat) satılır. Stansiyada Qi2.2 standartını dəstəkləyən 2 şarj paneli var. Hər panel eyni vaxtda 25 Vt güc verə bilir. Alüminium və sinkdən hazırlanan cihazın tənzimlənən qolu qatlanır. Kiçik cihazları doldurmaq üçün 5 V-luq USB-C portu da var, ancaq qutudan adapter çıxmır.
“Dual Slim Charger” 64,95 dollara (təxminən 110 manat) satılır. Adapterdəki GaN texnologiyası nazik korpusda yüksək şarj gücü əldə etməyə kömək edir. Cihazın qalınlığı təxminən 12,7 mm-dir. Üzərindəki 2 USB-C portu ümumilikdə 65 Vt güc verir. Elektrik yuvasına taxılan hissələr korpusun içinə qatlandığı üçün adapter çantada az yer tutur.
“UltraStrand” USB-C kabellərinin qiyməti 24,95 dollardan (təxminən 42 manat) başlayır. Ən bahalı versiya 39,95 dollardır (təxminən 68 manat). 60 Vt gücü və 480 Mbit/s məlumat ötürmə sürətini dəstəkləyən model 15 sm-dən 2 metrədək uzunluqlarda satılır. Daha güclü versiya 240 Vt şarj və 40 Gbit/s məlumat ötürmə sürətini dəstəkləyir. Bu kabelin maksimum uzunluğu 1 metrdir. Kabellərin dolaşmasının qarşısını almaq üçün daxili sıxac əlavə olunub. “Peak Design” bütün məhsullara ömürlük zəmanət verir.
Yeni cihazların çoxunu artıq şirkətin rəsmi saytından və seçilmiş mağazalardan sifariş etmək olar. “Wireless Kickstand Travel Battery” və “UltraStrand” kabellərinin bəzi ölçüləri noyabrın 5-dən satışa çıxacaq. Bütün məhsulların dünya üzrə satışının noyabrın ortalarında başlaması gözlənilir. Daha güclü kabellər noutbukları, “Steam Deck” və “Switch 2” kimi cihazları da şarj edə bilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...