Pebble Index 01 təqdim olundu
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, bir vaxtlar ağıllı saat bazarında tanınan Pebble brendi təxminən 10 ildən sonra yeni qurğularla geri qayıdır. Yeni yaradılan Core Devices şirkəti əvvəlcə Core Duo 2 və Core Time 2 adlı aşağı enerji sərfiyyatlı saatları elan etsə də, ən maraqlı yenilik Pebble Index 01 adlı qeyri-adi üzükdür.
Index 01 klassik mənada “smart ring” hesab olunmur. Bu üzük sağlamlıq göstəricilərini ölçmür, sensorlarla dolu deyil və gündəlik şarj tələb etmir. O, cəmi bir işi görür: səsli qeydləri yazır. Pebble bildirir ki, məhz bu sadəlik Index 01-i fərqləndirən əsas üstünlükdür. Üzükdə Bluetooth modulu, mikrofon, eşitmə aparatlarında istifadə olunan batareya və bir fiziki düymə var. İstifadəçi düyməni basaraq səsli qeydi yazır və buraxdıqda qeyd avtomatik dayanır. Düymə basılmadıqca üzük heç vaxt səs yazmır. Bu yanaşma həm təhlükəsizlik, həm də etibarlılıq baxımından önəmlidir.
Index 01 ənənəvi smart üzük və saatlardan fərqli olaraq illərlə şarjsız işləmək üçün hazırlanıb. Ümumi səs yazma müddəti 12–14 saatdır ki, bu da gündə 10–20 qısa qeyd üçün təxminən 2 il istifadəyə bərabərdir. Batareya bitdikdə isə üzük şarj olunmur, sadəcə geri göndərilərək təkrar emala verilir. Üzükdə süni intellekt də var, lakin fərqli yanaşma ilə. Səsli qeydlər Bluetooth vasitəsilə istifadəçinin Android və ya iOS telefonuna ötürülür, mətnə çevrilir və tamamilə lokal şəkildə işləyən LLM modeli vasitəsilə emal olunur. Qeydlər internetə göndərilmir, yalnız istəyə bağlı olaraq onlayn ehtiyat nüsxə aktiv edilə bilər.
Paylaş
Bənzər xəbərlər