Logo
    Pikio Si Oblik velosiped dəbilqəsi təhlükəsizlik sınağında lider oldu

    Pikio Si Oblik velosiped dəbilqəsi təhlükəsizlik sınağında lider oldu

    Cihazlar+
    10.10.2026
        Kanadanın Vankuver şəhərində yerləşən “Pikio” startapının hazırladığı “Pikio Si Oblik” yol velosipedi dəbilqəsi “Virginia Tech” təhlükəsizlik sınağında 4,61 bal toplayaraq lider olub. STAR qiymətləndirməsində bal aşağı olduqca qoruma daha yaxşı sayılır. 10,1-dən aşağı nəticə alan dəbilqələr 5 ulduz qazanır. Əvvəlki lider “Canyon Deflectr” 6,82 bal toplamışdı. “Pikio Si Oblik”in nəticəsi bundan 2,21 bal, yəni təxminən 32% aşağıdır.
    Pikio Si Oblik velosiped dəbilqəsi təhlükəsizlik sınağında lider oldu
        Uzun illər velosiped dəbilqələri əsasən başı birbaşa zərbədən necə qoruduğuna görə yoxlanılıb. ABŞ-nin İstehlak Məhsullarının Təhlükəsizliyi Komissiyası da eyni üsuldan yararlanır. Ancaq zərbə zamanı başın kəskin fırlanması beyni kəllə daxilində dartır və sarsıntı riskini artırır. Buna görə “Virginia Tech” 2018-ci ildə həm birbaşa, həm də fırlanma zərbələrini ölçən STAR sınaqlarına başlayıb. İlk sınaqlardakı 30 modeldən yalnız 4-ü 5 ulduz almışdı. 2025-ci ildə yoxlanılan 272 modelin 167-si bu nəticəyə çatıb.
        Adi velosiped dəbilqələrində zərbəni yumşaltmaq üçün nazik plastik örtüyün altında EPS adlanan genişlənmiş polistirol köpüyü var. “Oblik” sistemində bu köpük bütöv qat deyil, ayrı-ayrılıqda hərəkət edən hissələrə bölünüb. Həmin hissələr elastik bağlarla alt qata birləşdirilib. Güclü zərbə zamanı onlar yerini dəyişə və ya qopa bilir. Müxtəlif sıxlıqdakı köpüklə birlikdə bu quruluş həm birbaşa zərbəni, həm də başa ötürülən fırlanma qüvvəsini azaltmağa kömək edir.
        “Pikio”nun qurucusu Daniel Abram yeni sistemi zərbədən qorunma və dəbilqə dizaynı sahəsində 18 illik araşdırmanın nəticəsi adlandırır. Abram əvvəllər “Simon Fraser University”də fırlanma qüvvəsini azaltmaq üçün hazırlanan “BrainShield” sistemi üzərində çalışıb. Daha sonra “BiaGuard” şirkətini yaradıb. O, 2022-ci ildə patentləri “MIPS” sisteminə təxminən 1 milyon dollara (1,7 milyon manat) satıb. Müqayisə üçün, “MIPS” zərbənin ilk 5 - 10 millisaniyəsində hərəkət edən sürüşkən qatdan yararlanır. Bu qat 10 - 15 millimetr sürüşərək fırlanma təsirini azaltmağa çalışır.
        “Pikio Si Oblik” 379 dollara (təxminən 640 manat) satılır. Model STAR sınağında 2-ci olan “Canyon Deflectr RLS”dən 219 dollar (təxminən 370 manat) bahadır. Yüksək qiymətin əsas səbəbi mürəkkəb istehsal prosesidir. Adi velosiped dəbilqəsi 8 - 10 hissədən hazırlanır, bu modeldə isə təxminən 80 komponent var. Orta ölçülü versiyanın çəkisi 279 qramdır. Başın sərin qalması üçün dəbilqədə 17 hava dəliyi açılıb.
        EPS köpüyü ciddi zərbə zamanı əzilir. Buna görə belə dəbilqələr qəzadan sonra dəyişdirilməlidir. “Pikio” zədələnmiş dəbilqəni araşdırmaq üçün geri alanda yeni məhsula 30% endirim edir. İndiyədək şirkətə 4 dəbilqə qaytarılıb və yenisi ilə dəyişdirilib. Az tanınan marka üçün əsas çətinlik alıcıların etimadını qazanmaqdır. “Pikio” yeni ilin əvvəlində daha bir dizayn göstərməyi planlaşdırır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...