Logo
    main-post-cover

    Pioneer Sphera avtomobillərə Dolby Atmos təcrübəsini daha əlçatan edir

    Cihazlar+
    09.01.2026
    Sevinc
         Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Dolby Atmos indiyədək əsasən yalnız lüks avtomobillərdə mövcud olan, sürücülərə tam immersiv səs təcrübəsi təqdim edən texnologiya kimi tanınırdı. Rivian, Cadillac və Mercedes kimi markalarda nümayiş etdirilən Atmos səsi avtomobil salonunu əhatə edən dərin və təsirli bir audio mühit yaradırdı. Lakin bu texnologiya çoxsaylı dinamiklər tələb etdiyi üçün geniş kütlə üçün əlçatan deyildi.
          Pioneer bu vəziyyəti dəyişmək üçün Sphera adlı yeni nəsil multimedia qurğusunu təqdim edib. Aftermarket formatında olan bu in-dash receiver 10,1 düymlük sensor ekranla təchiz olunub və Apple CarPlay üzərindən Dolby Atmos musiqi səsləndirilməsini dəstəkləyir. Ən diqqətçəkən cəhət isə sistemin cəmi dörd dinamiklə belə Atmos effektini virtual olaraq yarada bilməsidir.
           Pioneer Sphera həm single-DIN, həm də double-DIN ölçülü panel yerlərinə uyğun gəlir. Quraşdırmadan sonra ilkin kalibrasiya üçün cihazla birlikdə verilən mikrofon sürücünün baş dayağına yerləşdirilir və sistem avtomobilin daxili akustikasını təxminən beş dəqiqə ərzində analiz edir. Daha sonra istifadəçi səs fokusunu sürücü, sərnişin və ya bütün salon üzrə seçə bilir.
           Sistem 2017-ci il Toyota Highlander modelində sınaqdan keçirilib. Avtomobildə cəmi dörd dinamik və bir subvufer olsa da, Pioneer-in A-Series seriyasına aid (təxminən 100 dollarlıq) dinamiklərlə birlikdə Sphera salonu daha geniş və dərin hiss etdirən səs mühiti yaradıb. Pink Floyd-un “Money” trekində səslərin avtomobil daxilində düzgün mövqelərdə yerləşməsi, Elton John-un “Rocket Man” mahnısında isə vokalın ətrafında yaranan səslər Atmos effektinin uğurunu nümayiş etdirib.
          Baxmayaraq ki, çoxsaylı dinamiklərə malik sistemlərlə müqayisədə səsin yerləşdirilməsi tam dəqiqliklə hiss olunmur, bu fərq ümumi təcrübəni əhəmiyyətli dərəcədə zəiflətmir. Pioneer Sphera avtomobil salonunu dolğun və əhatəli səs mənzərəsi ilə doldurmağı bacarır.
          Qurğunun satışa yaz aylarında çıxarılması planlaşdırılır və qiyməti 1 300 dollar olaraq açıqlanıb.
    Paylaş
    Bənzər xəbərlər