Pixel 11 Pro haqqında yeni detallar ortaya çıxdı
Google-un avqustun 12-də rəsmi olaraq təqdim edəcəyi Pixel 11 smartfon seriyası ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Sızdırılan məlumatlara əsasən, şirkət bu il də dörd model - Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL və Pixel 11 Pro Fold təqdim edəcək. Ən çox diqqətçəkən model olan Pixel 11 Pro-nun başlanğıc qiymətinin 1.099 dollar olacağı iddia edilir. Bu baş verərsə, ötənilki Pixel 10 Pro ilə müqayisədə qiymət 100 dollar artacaq. Pixel 11 Pro XL modelinin isə 1.299 dollardan satışa çıxacağı gözlənilir. Google-un paylaşdığı qısa tanıtım videosu göstərir ki, Pixel 11 Pro-nun dizaynı ötən ilki modellə demək olar ki, eyni qalıb. Lakin kamera blokunda yerləşdirilmiş yeni rəngli işıq diqqət çəkir. Məlumatlara görə, "Pixel Glow" adlanan bu sistem telefon ekranı aşağı vəziyyətdə olarkən zəng və mesaj kimi bildirişləri rəngli işıq vasitəsilə istifadəçiyə çatdıracaq.
Sızmalara əsasən, Pixel 11 Pro aşağıdakı texniki xüsusiyyətlərlə gələcək:
- 6,3 düymlük OLED ekran (2856×1280 piksel, 120 Hz)
- Google Tensor G6 prosessoru
- 12 GB və ya 16 GB RAM variantları
- 4.850 mAh batareya
Daha böyük Pixel 11 Pro XL modelində isə 6,9 düymlük ekran və 5.115 mAh batareya olacağı bildirilir. Kamera tərəfində böyük dəyişiklik gözlənilmir. Pixel 10 Pro-da olduğu kimi əsas kameranın 50 MP, ultra geniş bucaqlı və telefoto kameraların isə 48 MP səviyyəsində qalacağı ehtimal edilir. Bununla belə, bəzi sızmalar ön kameranın 48 MP-dən 13 MP-yə endiriləcəyini iddia edir. Əgər bu məlumat doğru çıxarsa, bu, yeni modelin ən mübahisəli dəyişikliklərindən biri ola bilər. Google Pixel 11 seriyasının bütün detalları 12 avqustda keçiriləcək rəsmi təqdimatda məlum olacaq.
Paylaş
