Plaud Note Pro təqdim olundu
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, son dövrlər süni intellektlə işləyən səs yazıcı cihazlar bazarında ciddi canlanma müşahidə olunur. Omi, Bee və Friend kimi qurğular istifadəçilərin səslərini yazaraq onları AI çatbotlarla inteqrasiya etməyi hədəfləyir. Bee artıq Amazon tərəfindən satın alınıb, Stream üzüyü və Pebble-ın keçmiş qurucusunun təqdim etməyə hazırlaşdığı yeni AI üzük isə gələn il bazara çıxacaq. Buna baxmayaraq, bu tip geyilə bilən AI cihazlarının uzunmüddətli uğuru hələ də sual altındadır.
Bu fonda Plaud şirkəti fərqli strategiya ilə diqqət çəkir. Şirkət peşəkar istifadəçiləri hədəfləyərək kredit kartı ölçüsündə, pulqabıya rahat yerləşən səs yazıcı təqdim edir. Plaud-un məlumatına görə, indiyə qədər 1 milyondan çox cihaz satılıb və istifadəçilərin 50 faizdən çoxu ödənişli “Pro” abunəliyə keçib.
İki il əvvəl təqdim olunan ilk modeldən sonra, Plaud Note Pro adlı yeni versiya avqust ayında ön sifarişə açılıb və qiyməti 179 dollar olaraq müəyyən edilib. Cəmi 0,12 düym qalınlığı olan bu cihaz bazardakı ən nazik AI səs yazıcılardan biri hesab olunur və rahatlıqla pulqabıda və ya telefonun arxa hissəsində daşına bilir. Çəkisi cəmi 30 qramdır və gündəlik istifadə zamanı demək olar ki, hiss olunmur.
Plaud Note Pro-un əsas üstünlüklərindən biri telefonla daimi bağlantıya ehtiyac duymamasıdır. Cihazın daxilində 64 GB yaddaş mövcuddur və bu, uzun müddət ərzində çoxsaylı səsyazmaları buluda yükləmədən saxlamağa imkan verir. Dörd ədəd MEMS mikrofonu 16 metrə qədər məsafədən səsi qeydə ala bilir, əlavə səs emalı bloku isə səs izolyasiyası və əks-səda azaldılmasını təmin edir.
Batareya göstəriciləri də kifayət qədər iddialıdır. Bir dəfə tam doldurulduqda 30 saata qədər fasiləsiz yazı və 60 gün gözləmə rejimi təklif olunur. Kiçik ekranda yazının aktiv olub-olmaması, batareya faizi görünür və titrəmə ilə istifadəçiyə xəbərdarlıq edilir. Bundan əlavə, vacib məqamları işarələmək üçün düymə funksiyası da mövcuddur ki, bu hissələr AI xülasələrində xüsusi vurğulanır.
Paylaş