Logo
    main-post-cover

    PlayStation Böyük Britaniyada yaş təsdiqi məcburiyyəti tətbiq edir

    Cihazlar+
    21.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Sony şirkəti Böyük Britaniyanın “Online Safety Act” (Onlayn Təhlükəsizlik Qanunu) çərçivəsində yeni qaydalara uyğunlaşmağa başlayıb. Şirkət PlayStation istifadəçilərinə bildirib ki, 2026-cı ilin iyun ayından etibarən yaş təsdiqini tamamlamayan PS4 və PS5 sahibləri bəzi funksiyalardan məhrum olacaqlar.
        Yeni qaydalara əsasən, yaşını təsdiqləməyən istifadəçilər oyun oynamağa davam edə bilsələr də, səsli çat, mesajlaşma, “party” funksiyaları və digər üçüncü tərəf kommunikasiya xidmətlərindən istifadə edə bilməyəcəklər. Bundan əlavə, YouTube və ya Twitch kimi platformalarda yayımlar etmək və oyun görüntülərini paylaşmaq üçün də yaş təsdiqi tələb olunacaq.
        Sony bu proses üçün Yoti adlı platforma ilə əməkdaşlıq edir. İstifadəçilər yaşlarını mobil nömrə, üz tanıma texnologiyası və ya şəxsiyyət vəsiqəsi vasitəsilə təsdiqləyə bilərlər. Şirkət istifadəçilərə xəbərdarlıq edir ki, iyun ayına qədər bu prosesi tamamlamasalar, sosial funksiyalara çıxış məhdudlaşdırılacaq.
        Oxşar addımı daha əvvəl Microsoft da atmışdı. Xbox platformasında da Böyük Britaniyada istifadəçilərin sosial funksiyalardan tam istifadə edə bilməsi üçün 18 yaşdan yuxarı olduqlarını təsdiqləmələri tələb olunur.
        Sony istifadəçilərə tövsiyə edir ki, problemlə qarşılaşmamaq üçün yaş təsdiqini əvvəlcədən tamamlasınlar. Bu dəyişikliklər Böyük Britaniyada rəqəmsal təhlükəsizlik qaydalarının daha da sərtləşdirilməsi ilə əlaqədardır.
    Paylaş