PlayStation Store qiymətlərinə görə Sony məhkəməyə verildi
Technote.az "Engadget” platformasına istinadən bildirir ki, Böyük Britaniyada Sony şirkətinə qarşı 2 milyard funt sterlinq (təxminən 2,7 milyard dollar) həcmində antiinhisar iddiası qaldırılıb. İddiada şirkətin PlayStation istifadəçilərindən rəqəmsal oyun və oyundaxili məzmun üçün həddindən artıq yüksək qiymət tələb etdiyi bildirilir.
Kollektiv iddia 12,2 milyona yaxın istifadəçini əhatə edir. Məhkəmə müraciətində qeyd olunur ki, Sony PlayStation oyunlarının və oyundaxili məzmunun rəqəmsal yayımı sahəsində dominant mövqeyə malikdir və bu üstünlükdən istifadə edərək Böyük Britaniyadakı müştərilərindən artıq ödəniş alıb. İddiaçı tərəf bildirir ki, PlayStation Store vasitəsilə rəqəmsal oyun və əlavə məzmun satışında Sony faktiki olaraq “demək olar ki, monopoliyaya” sahibdir və satışlardan 30 faiz komissiya tutur. Bu isə qiymətlərin süni şəkildə yüksək saxlanmasına səbəb olur.
Məhkəmə işi 19 avqust 2016-cı il ilə 12 fevral 2026-cı il tarixləri arasında PlayStation konsoluna sahib olmuş və PlayStation Store üzərindən rəqəmsal oyun və ya oyun daxili alış etmiş bütün istifadəçiləri əhatə edir. İddia “opt-out” prinsipi ilə aparılır, yəni uyğun gələn şəxslər avtomatik olaraq prosesə daxil edilir və ayrıca müraciət etmələrinə ehtiyac yoxdur. İddia uğurlu olarsa, hər istifadəçi orta hesabla təxminən 162 funt sterlinq (217 dollar) kompensasiya ala bilər.
Paylaş