main-post-cover

    POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    24.06.2022
    Emil Nəcəfov
        Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim edib. Yeni smartfonlar siyahısına POCO F4 POCO X4 GT modelləri daxil olublar. İlk öncə POCO F4-dən başlayaq. Sözügedən smartfon Çində satışa çıxmış Redmi K40S modelinin qlobal versiyasıdır. POCO F4 smartfonu böyük ölçülü ekranı, güclü texniki özəllikləri və böyük həcmli batareyası ilə fərqlənir. Beləliklə POCO F4 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        POCO F4 həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 870 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.79 diafraqma, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfreysli Android 12 vasitəsilə çalışır. POCO F4 27 iyun tarixində satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 399 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 449 avroya satılacaq.
        İndi isə keçək performanslı texniki özəlliklərə sahib POCO X4 GT smartfonuna. Bu smartfon sürətli şarj texnologiyasının dəstəyi və təkmilləşdirilmiş akustika sistemi ilə diqqət çəkir. POCO X4 GT smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. POCO X4 GT həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli MediaTek Dimensity 8100 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 12 vasitəsilə çalışır. POCO X4 GT də 27 iyun tarixində satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 380 avroya, 256 GB yaddaşa sahib versiya isə 430 avroya satılacaq. Lakin smartfonun bu qiymətləri 7 iyul tarixinə kimi keçərlidir. 7 iyuldan sonra smartfonun satış qiymətlərinin necə olacağı bilinmir.
    Linki kopyala