Logo
    main-post-cover

    Pool süni intellektlə ekran görüntülərini ağıllı arxivə çevirir

    Cihazlar+
    12.06.2026
    Sevinj
        Smartfon istifadəçilərinin əksəriyyəti internetdə qarşılaşdığı maraqlı məhsulları, reseptləri, səyahət ideyalarını və ya qeydləri yadda saxlamaq üçün ekran görüntüsü çəkir. Lakin zaman keçdikcə bu şəkillər qalereyada itib-batır və onları yenidən tapmaq çətinləşir. Məhz bu problemi həll etmək üçün yeni Pool adlı tətbiq təqdim olunub. Pool istifadəçiyə telefonun foto qalereyasına giriş icazəsi verdikdən sonra bütün ekran görüntülərini süni intellekt vasitəsilə analiz edir və onları mövzularına uyğun şəkildə xüsusi "pool" adlanan kateqoriyalara ayırır. Beləliklə, istifadəçilər illər ərzində topladıqları rəqəmsal məlumatları daha rahat idarə edə bilirlər.
        Tətbiqin əsas üstünlüklərindən biri isə ekran görüntüsünün orijinal mənbəyini tapmağa çalışmasıdır. Məsələn, əgər istifadəçi hansısa məhsulun şəklini saxlayıbsa, Pool həmin məhsulun satış səhifəsini müəyyən edib birbaşa keçid təqdim edə bilir. Sosial şəbəkədə paylaşılmış reseptin ekran görüntüsü olduqda isə tətbiq reseptin tam mətnini, inqrediyentlərini və hazırlanma qaydasını istifadəçiyə göstərə bilir. Pool-un yaradıcıları Maksim Junik və Pit Terheyden bildirirlər ki, ideya şəxsi təcrübədən yaranıb. Onlar və ətrafdakı insanlar daim ekran görüntüləri saxlasalar da, sonradan həmin məlumatları tapmaqda çətinlik çəkirdilər. Süni intellekt texnologiyalarının inkişafı bu problemi real şəkildə həll etməyə imkan verdiyi üçün layihə yenidən gündəmə gətirilib.
        Tətbiq ekran görüntülərini yalnız arxiv kimi deyil, həm də "canlı yaddaş" kimi qiymətləndirir. Məsələn, tədbir bileti üçün saxlanılmış barkod tədbir başa çatdıqdan sonra artıq əhəmiyyətini itirə bilər. Digər tərəfdən, gələcək tədbirlə bağlı paylaşılmış afişanın ekran görüntüsündən istifadə edərək Pool istifadəçini bilet satış səhifəsinə yönləndirə bilir. İstifadəçilər tətbiq daxilində adi axtarışdan istifadə edə və ya daxili süni intellekt köməkçisinə suallar verərək lazım olan məlumatı daha sürətli tapa bilərlər. Şirkət gələcəkdə bu texnologiyanı daha da inkişaf etdirərək şəxsi AI köməkçisi funksiyalarına malik ayrıca tətbiq təqdim etməyi planlaşdırır. Pool hazırda iOS platformasında pulsuz olaraq istifadəyə verilib.
    Paylaş