Logo
    Powerbankı evdə qoymaq olar? 11 000 mAh batareyalı HONOR X9e Pro-nun icmalı

    Powerbankı evdə qoymaq olar? 11 000 mAh batareyalı HONOR X9e Pro-nun icmalı

    Cihazlar+
    16.11.2026
         HONOR X9e Pro-nu əlinizə alsanız, içində 11 000 mAh-lıq batareya olduğunu çətin təxmin edərsiniz. HONOR bu tutumda silisium-karbon batareyanı 8,1 mm qalınlığında gövdəyə sığdırıb. Telefonun çəkisi də 203 qramdır. Çərçivəsi plastikdir, bizdəki modelin arxasındakı eko-dəri örtük isə telefonu bir əllə tutanda sürüşməyə qoymur. Əvvəlki X9 modellərindən tanıdığımız dözümlü gövdə də yerindədir. Bu dəfə dəyişən həm modelin adındakı “Pro”, həm də qiymətdir.
    X9 seriyası Azərbaycana ilk dəfə Pro versiyada gəlib. 
             Başlanğıc model 6 GB operativ və 256 GB daxili yaddaşla 1200 manata satılır. 8 GB operativ yaddaşlı versiyanı 256 və ya 512 GB daxili yaddaşla seçmək olur. Ən bahalı variantın qiyməti 1550 manata çatır. Bəs gündəlik istifadədə bu pulun qarşılığını harada hiss edirik?
    Bir şarjla neçə gün işləyir?

        Bizcə, telefonu orta intensivliklə işlədən adam bir şarjla təxminən 2,5–3 gün keçirə bilər. HONOR öz laboratoriyasında bir şarjla 66,8 saat video oynada bilib. Həmin sınaqda telefon təyyarə rejimində olub və internetə Wi-Fi ilə qoşulub. Gün ərzində mobil internetdən, kameradan və oyunlardan istifadə edəndə sərfiyyat da dəyişir.
    Böyük batareyanın bir üstünlüyü də odur ki, lazım gələndə X9e Pro ilə başqa telefonu doldurmaq olur. Bunun üçün kabel kifayətdir, çıxış gücü 27 Vt-a çatır. Məsələn, HONOR-un öz sınağında X9e Pro-ya kabellə qoşulan iPhone Air yarım saata 80 faizə qədər enerji yığıb. Səfərə iki telefonla çıxanlar üçün bu, ayrıca powerbank götürməməyə yaxşı səbəbdir.

        X9e Pro-nun özü isə 80 Vt güclə şarj yığır. Sınaq göstəricilərinə görə, ilk yarım saatda batareya 41 faizə çatır, tam dolması 1 saat 31 dəqiqə çəkir. Azərbaycanda satılan versiyanın qutusuna 100 Vt-lıq adapter, USB-C kabeli və şəffaf üzlük daxildir. Ekrana da zavodda qoruyucu təbəqə çəkilib. Naqilsiz şarj dəstəyi isə yoxdur.

        Telefonu bir neçə il işlətməyi düşünənlər üçün batareyanın ömrü də maraqlıdır. HONOR altı illik istifadə proqnozunu gündə altı saat ekran vaxtı və ümumilikdə 1000 tam şarj dövrü əsasında hesablayıb. Sizin istifadə rejiminizdən asılı olaraq bu müddət dəyişə bilər.

        Üç metrdən düşmə sınağı necə aparılıb?

        HONOR-un açıqladığı iki ayrı nəticə var. Birinci sınaqda telefon 1,2 metr hündürlükdən müxtəlif bucaqlar altında düşməyə tab gətirib. Digər sınaqda telefon üç metr hündürlükdən hamar qranit səthə düşüb və zərbəyə tab gətirib. Telefon əlinizdən çıxıb səkinin kənarına dəyəndə zərbənin hara düşəcəyini seçə bilmirsiniz. Ona görə də bu rəqəmləri məhz sınağın şərtləri ilə birlikdə oxumağa dəyər. HONOR-un məlumatına görə, gövdənin kənarındakı yeni qoruyucu konstruksiya əvvəlki X9d ilə müqayisədə ekranın zədələnmə riskini 82 faiz azaldıb.

        Su və toza qarşı qorunma IP66, IP68, IP69 və IP69K standartlarına uyğundur. Sonuncu göstərici yüksək təzyiqli isti su şırnağına davamlılığı da əhatə edir. Kameranın ayrıca sualtı çəkiliş rejimi var, hərçənd HONOR özü də suya qarşı qorunmanın zamanla zəifləyə biləcəyini qeyd edir.

        Günəş altında ekran nə qədər parlaqdır?

        6,8 düymlük AMOLED ekranın təsvir ölçüsü 2788 × 1280 pikseldir. Texniki göstəricilərdə diqqəti 10 000 nit parlaqlıq çəkir. Telefon bu həddə müəyyən videoları göstərərkən ekranın yalnız kiçik hissəsində çatır. Küçədə xəritəyə baxanda sizin üçün daha vacib rəqəm 2000 nitdir. Panel günəş altında bu səviyyəyə qalxa bilir, adi istifadədə isə tipik parlaqlıq 800 nitdir.

        Nazik, 1,3 mm-lik çərçivələr sayəsində ekran ön panelin demək olar ki, hamısını tutur. Yenilənmə tezliyi adaptiv rejimdə 60–120 Hz arasında dəyişir. LTPO panel olmadığı üçün, məsələn, ekranda hərəkətsiz mətn oxuyanda tezlik 1 Hz-ə qədər enmir. Ekranı yaş əllə və ya əlcəklə də idarə etmək olur. Bir əllə istifadə üçün bəyəndiyimiz detal AI FreeGrip-dir. Telefon onu hansı əlinizlə tutduğunuzu müəyyən edir və bildiriş kapsulunu həmin tərəfə keçirir. Beləcə, gələn zəngi cavablamaq üçün baş barmağınızı ekranın o biri tərəfinə uzatmalı olmursunuz. Küçədə tez-tez telefonla danışanlar üçün açıq məkan rejimi də var. Bu rejim küləkli havada danışarkən mikrofona düşən külək səsini azaldır.

        “Pro” modeldə orta seqment prosessoru

        X9e Pro ilə bağlı əsas iradımız qiymətinə görə seçilmiş prosessordur. Snapdragon 6 Gen 5 orta seqment çipidir. Gündəlik istifadədə tətbiqlər arasında keçid rahatdır, donma ilə qarşılaşmadıq. Ağır oyunlar oynayırsınızsa və ya telefonda tez-tez video montaj edirsinizsə, 1200 manatlıq büdcədə daha güclü prosessor axtarmağa dəyər.

        Telefon Android 16 əsaslı MagicOS 10 ilə gəlir. 8 GB-lıq modeldə göstərilən “24 GB RAM”ın 16 GB-ı daxili yaddaşdan ayrılan virtual yaddaşdır. Proqram təminatı ilə bağlı açıq qalan sual isə yeniləmələrdir. HONOR bu modelə neçə il Android yeniləməsi verəcəyini hələ açıqlamayıb.
    Bağlantı imkanları arasında 5G, Wi-Fi 6E və NFC var. Telefona iki fiziki nano-SIM taxmaq olur. Videoları kabel vasitəsilə kompüterə köçürənlər üçün bir detal da var. USB-C portu USB 2.0 sürətində işləyir.

       108 meqapiksellik kamera nə təklif edir?

        Əsas kamerada f/1.75 diafraqmalı obyektiv və 1/1,67 düymlük sensor var. İşıq yaxşı olanda bu kamera ilə rahat çəkiliş etmək olur. 108 meqapikselin hamısından istifadə etmək üçün ayrıca “High-Res” rejimini seçməlisiniz. Əsas kamera həm optik, həm də elektron sabitləşdirməni dəstəkləyir, videonu isə 4K-da saniyədə 30 kadrla çəkmək olur. İkinci arxa kamera 5 meqapiksellik ultra genişbucaqlı moduldur.

         Öndəki 16 meqapiksellik kamera görüntülü zəng və canlı yayım üçün iş görür, amma yaxşı selfi üçün işığı düzgün seçmək lazımdır. Ön kamerada video çəkilişinin həddi 1080p və saniyədə 30 kadrdır.

        Bəs X9e Pro-ya 1200 manat verərdikmi? Günün böyük hissəsini yolda keçirir, sifarişlərə baxır, xəritədən istifadə edir və axşam da telefonda kifayət qədər enerji qalmasını istəyirsinizsə, bu seçim özünü doğruldur. Bizim üçün X9e Pro-nun əsas üstünlüyü böyük batareyanı gündəlik daşımağa rahat gövdəyə sığdırmasıdır. Yox, əgər smartfonu əsasən çəkiliş və ya oyun üçün dəyişirsinizsə, bu qiymətə ilk seçimimiz X9e Pro olmazdı.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...