main-post-cover

    Qatlana bilən Galaxy Z Fold 2 barəsində bütün məlumatlar verilib - QİYMƏTİ

    Cihazlar+
    02.09.2020
    Farid Pardashunas
        Unpacked tədbirinin dünən keçirilmiş xüsusi ikinci hissəsində Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 2 smartfon modeli barəsində bütün məlumatları təqdim edib. Şirkət smartfonun texniki özəlliklərini və satış qiymətini açıqlayıb. Beləliklə Galaxy Z Fold 2 ənənəvi qatlanma dizaynını və orijinal Galaxy Fold-un ölçülərini özündə qoruyub saxlayıb. Lakin bu məsələdə dəyişikliklər də reallaşdırılıb. Beləliklə smartfonun xarici ekran ölçüsü bir qədər böyüdülüb. Orijinal Galaxy Fold modelinin xarici ekranı 4.6 düym idisə, Galaxy Z Fold 2-də həmin ekran 6.2 düymdür. Smartfonun daxili ekranı isə 7.3 düymdən 7.6 düymə böyüdülüb. Ekran ətrafındakı çərçivələrin qalınlıqlarının 27% nazikləşdirilməsi sayəsində ekran ölçüsünün böyüdülməsinə nail olmaq mümkün olub.
        Galaxy Z Fold 2-nin yaradılması zamanı şirkət mühəndislərinin qarşılarında ciddi tapşırıq var idi. Belə ki, onlar əsas ekranın dözümlülüyü ilə onun qoruyucu örtüyü arasında tarazlıq yaratmalı idilər. Nəticədə mühəndislər Ultra Thin Glass qoruyucu şüşəsinə üstünlük verdilər. Bu qoruyucu şüşənin qalınlığı insan saçının qalınlığından daha nazikdir. Şirkət qeyd edib ki, həmin qoruyucu şüşənin üzərində daha bir qoruyucu lay mövcuddur. Orijinal Galaxy Fold modeli ya qatlanmış ya da tam açıq vəziyyətdə ola bilərdi. Galaxy Z Fold 2-nin hazırlanması zamanı isə şirkət alıcıların istəklərini nəzərə alaraq onun ekranının bir neçə bucaq altında qala bilməsini reallaşdırdı. Qeyd etmək lazımdır ki, bundan əvvəl şirkət bu cür özəlliyi Galaxy Z Flip-də reallaşdırmışdı.
        Beləliklə Galaxy Z Fold 2-də ekranı 75 dərəcədən 115 dərəcəyə kimi müxtəlif bucaq altında saxlamaq mümkün olacaq. Smartfonun qatlanma konstruksiyasının daxilində mikrofırçalar mövcuddur. Onlar smartfonun daxilinə toz hissəciklərinin daxil olmalarının qarşısını alırlar. Galaxy Z Fold 2-nin daxili ekranı təkmilləşdirilib. Əsasən mühəndislər ekran üzərindəki böyük çıxıntı hissədən imtina ediblər. Bunun yerinə ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Əsas texniki özəlliklərə gəldikdə smartfon 2208x1768 piksel keyfiyyətli 7.6 düym daxili AMOLED 2X ekran (120 Hz-lik təsvir yenilənməsi ilə HDR10+ dəstəkli), 2260x816 piksel keyfiyyətli 6.23 düym xarici Super AMOLED ekran (60 Hz-lik təsvir yenilənməsi ilə HDR10+ dəstəkli), Sanpdragon 865+ prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, OIS) + 12 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 12 MP (f/2.4 diafraqmalı teleobyektiv) üçlü arxa kamera, daxili ekran üzərində 10 MP-lik (f/2.2 diafraqma) ön kamera, xarici ekran üzərində 10 MP-lik (f/2.2 diafraqma) ön kamera, və 25 vatt gücündə sürətli şarj texnoloigyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 2 həmçinin 11 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını və ikitərəfli şarj texnologiyasını dəstəkləyir.
        Barmaq izi skanı texnologiyası smartfon gövdəsinin kənar hissəsində yerləşdirilib. Smartfon One UI interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Ekranın müxtəlif bucaq altında saxlanması imkanı sayəsində onda Flex Mode funksiyası reallaşdırılıb. Bunun sayəsində smartfonu noutbuk kimi istifadə etmək olar. Bu halda ekranın yuxarı hissəsində kontent, aşağı hissəsində isə idarəetmə elementləri əks olunurlar. Məsələn bu rejimdə Youtube-dan istifadə edən zaman ekranın yuxarı hissəsində video, aşağı hissəsində isə videoya olan şərhlər əks olunurlar.
        Galaxy Z Fold 2-nin ayarlarında interfeysin smartfon və ya planşet formatında əks olunmasını seçmək olar. Planşet formatında smartfon ekranında daha çox məlumat əks olunur. One UI istifadəçi interfeysi isə iki ekranla çalışmaq üçün optimizasiya edilib. Beləliklə əsas ekranda hansısa işi görən zaman onu rahatlıqla xarici ekrana keçirtmək olar. Daxili ekranda eyni anda 3 fərqli tətbiqi işə salmaq mümkündür. Müxtəlif pəncərələr üzrə kontentin daşınılması mümkündür. Belə ki, istifadəçi brauzerdən hansısa şəkli götürüb onu rahatlıqla mətn sənədinə əlavə edə bilər. Galaxy Z Fold 2 bu ay 2000$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər