
Qatlana bilən Google Pixel-in render fotoları və bəzi texniki özəllikləri təqdim edilib
Cihazlar+
15.11.2022
Emil
Bir neçə ay bundan öncə insayderlər xəbər vermişdilər ki, Google şirkəti qatlana bilən Pixel smartfonu üzərində çalışır. Google şirkətinin ilk qatlana bilən smartfonunun Pixel 7 seriyası ilə bir yerdə təqdim ediləcəyi gözlənilirdi. Lakin bu, baş vermədi. İndi isə Jon Prosser adlı məşhur insayder sözügedən qatlana bilən Pixel smartfonu barəsində yeni məlumatları və onun dizaynını təqdim edib. Gözləntilərə əsasən Google şirkətinin ilk qatlana bilən smartfonu Pixel Fold adını əldə edəcək.

Təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfon xarici görünüşcə qatlana bilən OPPO Find N smartfonunu xatırladır. Tam açıq şəkildə smartfon Galaxy Z Fold-dan daha genişdir. İnsayder qeyd edib ki, Pixel Fold-un gövdəsi metal və şüşə materiallardan hazırlanacaq. Qatlana bilən daxili ekrandan əlavə olaraq Pixel Fold xarici ekran ilə də təchiz olunacaq və həmin ekranın yuxarı mərkəz hissəsində 9.5 MP-lik ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi yerləşəcək.

Ümumiyyətlə render fotolara əsasən söyləmək olar ki, Pixel Fold-un arxa kamera dizaynı Pixel 7 Pro modelinin arxa kamera dizaynını xatırladır. Bununla yanaşı fotolardan da görmək olar ki, smartfonun kənar hissəsində yandırıb/söndürmə düyməsi ilə səsin tənzimlənməsi düymələri yerləşəcək. Barmaq izi skanı texnologiyasının yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcəyi güman edilir. Jon Prosser-in sözlərinə əsasən Pixel Fold-un qiyməti 1799$ təşkil edəcək. Onun nə zaman təqdim olunacağına gəldikdə isə insayder bildirib ki, Pixel Fold gələn ilin may ayında keçiriləcək Google I/O 2023 tədbirində təqdim olunacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
