Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V5-in qlobal versiyası təqdim olunub (VİDEO)

    Cihazlar+
    29.08.2025
    Emil
         Honor şirkəti keçən ay Çində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim edib. Qlobal versiya texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir. Qeyd etmək lazımdır ki, bu hal-hazırda smartfon bazarında ən nazik qatlana bilən smartfondur. Belə ki, smartfonun gövdə qalınlığı tam açıq vəziyyətdə 4.1 mm, qapalı vəziyyətdə 8.8 mm, çəkisi isə 217 qram təşkil edir. Honor Magic V5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2352x2172 piksel keyfiyyətli 7.95 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici OLED ekranla təchiz olunub.
         Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Smartfonun gövdəsi IP58/59 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Magic V5 özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı və hər iki ekran üzərində 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor Magic V5-in qlobal versiyası artıq satışa çıxıb və onun qiyməti 1999 avro təşkil edir.
    Paylaş