Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
23.03.2023
Emil Nəcəfov
Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqayisıdə yeni smartfon ciddi şəkildə təkmilləşdirilib. Belə ki, şirkət yeni qatlana bilən smartfonun konstruksiyasını sıfırdan hazırlayıb və nəticədə konstruksiya daha kompakt ölçülü və yüngül olub. Bununla yanaşı Mate X3-ün yenilənmiş konstruksiyası sudan qorunma özəlliyini əldə edib. Yeni qatlana bilən smartfon həmçinin flaqman texniki özəllikləri özündə birləşdirir. Məlumatda qeyd edilib ki, Mate X2 müqayisədə Mate X3-ün çəkisi 239 qramm təşkil edir. Mate X2-nin çəkisi isə 295 qramm-dır. Tam açıq vəziyyətdə smartfonun qalınlığı 5.3 mm təşkil edir. Şirkət bildirib ki, yenilənmiş konstruksiya səbəbilə o, bir qədər kiçik ölçüyə sahib xüsusi USB Type-C girişini hazırlamaq məcburiyyətində qalıb.
Smartfon iki ədəd ekrana sahibdir. Onlardan biri daxili hissədə, digəri isə xarici hissədə yerləşir. Daxili ekran 2496x2224 piksel keyfyyətli 7.85 düym OLED, xarici ekran isə 2504x1080 piksel keyfiyyətli 6.4 düym OLED ekrandır. Hər iki ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Smartfonun daxili ekranının yuxarı sol hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Xarici ekran üzərindəki dairəvi çıxıntı isə yuxarı mərkəz hissədə yerləşir. Bundan əlavə olaraq xarici ekran Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Mate X3-ü digər qatlana bilən smartfonlardan fərqləndirən əsas özəlliklərdən biri də odur ki, tam açıq vəziyyətdə onun daxili ekranı üzərində heç bir qatlanma izi əks olunmur. Həmçinin smartfonun gövdəsi IPx8 standartı üzrə sudan qorunur. Onu da qeyd etmək lazımdır ki, Mate X3 peyk şəbəkəsinə sahib ilk qatlana bilən smartfondur.
Lakin çox güman ki, peyk şəbəkəsi yalnız Çin regionunda çalışacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Mate X3 modeli Snapdragon 8+ Gen 1 4G prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 13 MP + 12 MP (optik stabilizasiya, 5 qat optik zoom) üçlü arxa kamera, həm xarici həm də daxili ekranda 8 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enejri tutumlu batareya ilə təchiz olunub. Smartfon üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Qeyd etmək lazımdır ki, Mate X3-ün 1 TB daxili yaddaşa və 5060 mAh enerji tutumlu batareyaya sahib xüsusi versiyası da mövcuddur. Huawei Mate X3 HarmonyOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn ay Çin bazarında satışa çıxacaq. 256 GB yaddaşa sahib model 1905$-a, 512 GB yaddaşa sahib model 2051$-a, 1 TB yaddaşa və 5060 mAh-lıq batareyaya sahib xüsusi model isə 2345$-a satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib