
Qatlana bilən iPhone böyük ölçüyə sahib ola bilər
Cihazlar+
06.02.2025
Emil
Qatlana bilən iPhone haqqında şayiələr illərdir dolaşır. Sözügedən iPhone barəsində müxtəlif insayderlər müxtəlif məlumatları təqdim edirlər. Bu dəfə HaYaO ləqəbli insayder qatlana bilən iPhone-nun xarici görünüşü, bəzi texniki xüsusiyyətləri və buraxılış tarixi ilə bağlı detalları bölüşüb. Məlumata görə, ilk qatlana bilən iPhone, Samsung Galaxy Z Fold kimi kitab formasında olacaq. Onun daxili ekranının ölçüsü 12 düym təşkil edəcək. Bu isə mövcud analoqların sahib olduqları 7-8 düym ölçülü daxili ekranlardan xeyli böyükdür. Cihazın qatlanmış vəziyyətdə gövdə qalınlığının 9.2 mm, tam açıq vəziyyətdə gövdə qalınlığının isə 4.6 mm olacağı bildirilir.

Müqayisə üçün, Samsung Galaxy Z Fold 6-nın qalınlığı qatlanmış vəziyyətdə 12.1 mm, açıq vəziyyətdə isə 5.6 mm təşkil edir. Məlumatda qeyd edilib ki, cihazın iki hissəsini birləşdirən şarnir konstruksiyası Apple tərəfindən hazırlanıb. Smartfonun gövdə ətrafı çərçivəsinin alüminiumdan hazırlanacağı güman edilir. Daxili ekran, Samsung-un Apple üçün xüsusi olaraq hazırladığı UTG Lens materialı ilə örtülü olacaq. Bu material, Samsung-un qatlana bilən smartfonlarında istifadə olunan ultranazik şüşə (UTG) texnologiyasının bir növü ola bilər. Samsung həmçinin cihaz üçün elastik ekranların əsas istehsalçısı olacaq.
Arxa kameraların yalnız iki ədəd olacağı bildirilir - geniş bucaqlı və ultra geniş bucaqlı kamera. Ön kamera üçün isə metalinzalı texnologiyanın istifadəsi nəzərdən keçirilir. Bu texnologiya ənənəvi kamera modullarına nisbətən daha yığcam və yüngüldür və ilk dəfə iPhone 17 seriyasında tətbiq edilə bilər. Qatlana bilən iPhone-nun batareya həcmi 5000 mAh olacaq. İnsayderin verdiyi məlumata görə, qatlana bilən iPhone-un buraxılışı 2026-cı ilin payızına, iPhone 18 seriyası ilə eyni vaxta planlaşdırılıb. Onun sözlərinə görə, Apple 2026-cı ildə 8-10 milyon, 2027-ci ildə isə 20 milyon qatlana bilən iPhone satmağı hədəfləyir.
Mənbə: Gadgets360
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
