
Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq
Analitiklərin proqnozlarına əsasən, Apple ilk qatlana bilən smartfonunu - şərti adı iPhone Fold - 2026-cı ilin ikinci yarısında təqdim edəcək. Gözlənilir ki, bu, şirkətin tarixindəki ən bahalı iPhone olacaq. Lakin nüfuzlu analitik Ming-Chi Kuo-nun sözlərinə görə, cihazın qiyməti əvvəlki proqnozlardan bir qədər aşağı olacaq, çünki istehsal prosesində şarnir konstruksiyası (qatlanma mexanizmi) komponentinin maya dəyəri əhəmiyyətli dərəcədə azaldılıb. Ming-Chi Kuo-nun məlumatına görə, qatlana bilən smartfonun əsas hissələrindən biri olan şarnir konstruksiyasının istehsal dəyəri kütləvi istehsal mərhələsində 70-80$ aralığında olacaq.

Bu isə əvvəlki bazar proqnozları ilə müqayisədə (100-120$ və ya daha çox) xeyli aşağı göstəricidir. Analitik qeyd edib ki, bu azalma daha ucuz materiallardan istifadə hesabına deyil, şarnir sisteminin yığım konstruksiyasının ciddi optimallaşdırılması sayəsində mümkün olub. Ming-Chi Kuo bildirib ki, şarnirin istehsalı üçün Apple-ın uzunmüddətli tərəfdaşı olan Foxconn şirkəti Tayvan istehsalçısı Shin Zu Shing ilə birgə müəssisə yaradıb. “Foxconn bir qədər daha böyük paya sahibdir və gələcək inkişaf istiqamətini müəyyənləşdirir” - deyə Kuo qeyd edib. Birgə müəssisə bütün şarnir istehsalının təxminən 65%-ni, ABŞ istehsalçısı Amphenol isə qalan 35%-ni təmin edəcək. Ehtimal olunur ki, 2027-ci ildə onlara daha bir istehsalçı - Luxshare şirkəti - da qoşulacaq. Bu isə şarnir istehsalının maya dəyərinin daha da azalmasına imkan verəcək.
Paylaş