Qatlana bilən monitor və proyektor bir cihazda!
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, proyektorlar uzun illərdir böyük ekran təcrübəsi təqdim etsə də, qaranlıq otaq, boş divar və əlavə qurğular kimi tələblər onları hər kəs üçün əlverişli etmir. Məhz bu problemi aradan qaldırmaq üçün Arovia "Splay" adlı fərqli bir yanaşma təqdim edir.
Splay 2021-ci ildə kraudfandinq yolu ilə maliyyələşdirilib və istehsalçı tərəfindən tam qatlana bilən ilk monitor və proyektor kimi təqdim olunur. Cihazın əsas fərqi ondadır ki, o, divara ehtiyac duymur. Daxili parça ekranı açıldıqda 24,5 və ya 34,5 düymlük (modeldən asılı olaraq) portativ monitor kimi istifadə oluna bilir. Ekran çıxarıldıqda isə ultra-qısa məsafəli proyektor rejiminə keçərək divara maksimum 80 düymlük görüntü ötürür.
Texniki baxımdan Splay yüksək səviyyəli OLED və ya LCD monitorlarla rəqabət aparmasa da, onun əsas üstünlüyü çevikliyidir. HDMI vasitəsilə kompüterlərə, iOS və Android cihazlarına, eləcə də oyun konsollarına qoşula bilir. Yüngül parça materiallar və elastik mexanizm sayəsində Splay qatlandıqda cəmi 4×4 düymlük çantaya yerləşir və təxminən 2,5 funt (təxminən 1,1 kq) çəkiyə malikdir. Bununla belə, tam açıq vəziyyətdə cihaz bir qədər iri və ehtiyatlı davranmağı tələb edir. İstehsalçı stabil istifadə üçün stativdən yararlanmağı tövsiyə edir və kiçik masaüstü tripod artıq qutunun içində verilir.
Arovia nümayəndələrinin sözlərinə görə, Splay əsasən mobil iş mühitləri, oyun təcrübəsi və sərgi, təqdimat kimi korporativ istifadə ssenariləri üçün nəzərdə tutulub. Qiyməti 1300 dollar olan cihaz hazırda stokda olmasa da, bu ay yenidən satışa çıxarılacağı bildirilir.
Paylaş
Bənzər xəbərlər