Qatlana bilən növbəti Xiaomi Mix Fold qlobal bazarda da satılacaq
Xiaomi şirkəti artıq neçə ildir ki, qatlana bilən Mix Fold smartfonlarını eksklüziv olaraq Çin bazarında satışa çıxarır. Yay fəslinin sonunda təqdim edilmiş Mix Fold 3 də istisna deyil. Lakin şirkətin növbəti qatlana bilən smartfonunda vəziyyət fərqli ola bilər. Verilmiş yeni məlumata əsasən şirkət artıq Mix Fold 4 üzərində çalışmağa başlayıb. Məlumatda qeyd edilib ki, hal hazırda aktual olan Mix Fold modelləri ilə müqayisədə Mix Fold 4 qlobal bazarda da satışa çıxacaq.
Buna həmçinin IMEI məlumatlar bazasında smartfonun ortaya çıxmış model nömrəsi də işarə edir. Belə ki, Mix Fold 4 smartfonu 2405CPX3DG model nömrəsinə sahibdir və nömrənin sonundakı G hərfi məhz qlobal versiyaya işarə edir. Təəssüflər olsun ki, smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Mix Fold 4 gələn il təqdim olunmalıdır.