main-post-cover

    Qatlana bilən qapaqlı Motorola RAZR 40 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.06.2023
    Emil Nəcəfov
        Motorola şirkəti qatlana bilən qapaqlı yeni Motorola RAZR 40 smartfonunu təqdim edib. Sözügedən smartfon kiçik ölçülü xarici ekranı və subflaqman texniki göstəriciləri ilə fərqlənir. Xarici ekranının kiçik ölçüdə olmasına görə onun vasitəsilə smartfonun bütün funksionallığından istifadə etmək mümkün deyil. Buna görə də şirkət onun üçün unikal istifadəçi interfeysini hazırlayıb. İstifadəçi RAZR 40-ın xarici ekranı vasitəsilə musiqini idarə edə, bildirişlərə baxa və sürətli ayarlara keçid edə bilər.
        Motorola RAZR 40 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym daxili pOLED ekran və 1.47 düym xarici pOLED ekran ilə təchiz olunub. Xarici ekran həmçinin Gorilla Glass 7 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Bununla yanaşı smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur.
        Əsas texniki göstəricilərə gəldikdə isə Motorola RAZR 40 modeli Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Motorola RAZR 40 Android 13 vasitəsilə çalışır. Smartfon 25 iyun tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 128 GB yaddaş - 560$
    - 8 GB RAM + 256 GB yaddaş - 605$
    - 12 GB RAM + 256 GB yaddaş - 660$.
    Linki kopyala