
1 iyun tarixində Motorola şirkəti qatlana bilən qapaqlı Motorola RAZR smartfon seriyasının yeni modellərini təqdim edəcək. Söhbət, Motorola RAZR 40 və RAZR 40 Ultra smartfonlarından gedir. Evan Blass adlı məşhur insayder isə Motorola RAZR 40 Ultra modelinin rəsmi promo materiallarını paylaşmağa davam edir. İnsayderin təqdim etmiş olduğu yeni fotolarda Motorola RAZR 40 Ultra-nın xarici ekranının istifadə imkanları əks olunub. Son məlumatlara əsasən sözügedən smartfon 3.6 düym ölçülü xarici pOLED ekran ilə təchiz olunacaq və o, arxa panelin yuxarı hissəsinin bütün sahəsini əhatə edəcək.
Evan Blass tərəfindən təqdim edilmiş fotolardan da görmək olar ki, xarici ekran vasitəsilə smartfonun demək olar bütün funksiyalarından istifadə etmək mümkün olacaq. Belə ki, smartfonun xarici ekranı vasitəsilə video izləmək, musiqini idarə etmək, mesajlara cavab vermək, xəritədən istifadə etmək və hətta müxtəlif mobil oyunları oynamaq mümkün olacaq. Qeyd etmək lazımdır ki, Motorola RAZR 40 Ultra-nın Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı və özündə 13 MP + 12 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir.