Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Motorola Razr 60 və Razr 60 Ultra təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.04.2025
    Emil
         Motorola şirkəti Edge 60 və Edge 60 Pro smartfonları ilə yanaşı həmçinin yeni qatlana bilən qapaqlı smartfonlarını da təqdim edib. Söhbət, Motorola Razr 60Razr 60 Ultra-dan gedir. Bu yeni qatlana bilən qapaqlı smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin texniki imkanlar baxımından onlar arasında fərq var. İlk öncə adi Motorola Razr 60 modelinə nəzər yetirək. Bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.9 düym ölçülü daxili LTPO pOLED ekranla və 90 Hz-lik təsvir yenilənməsinə sahib 1066x1056 piksel keyfiyyətli 3.6 düym ölçülü xarici LTPS pOLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 2700 nit təşkil edir.
         Xarici ekran həmçinin Corning Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Motorola Razr 60-ın gövdəsi isə IP48 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7400X prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda adi Razr 60 özündə 50 MP + 13 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir.
         İndi isə Motorola Razr 60 Ultra modelinə nəzər yetirək. Razr 60 Ultra modeli 165 Hz-lik təsvir yenilənməsinə sahib 2992x1224 piksel keyfiyyətli 7 düym ölçülü daxili LTPO pOLED ekranla və 165 Hz-lik təsvir yenilənməsinə sahib 1272x1080 piksel keyfiyyətli 4 düym ölçülü daxili pOLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 3000 nit təşkil edir. Xarici ekran həmçinin Corning Gorilla Glass Ceramic qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Motorola Razr 60 Ultra-nın gövdəsi isə IP48 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda adi Razr 60 Ultra özündə 50 MP + 50 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 68 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Motorola bu yeni qatlana bilən qapaqlı smartfonların nə zaman satışa çıxacaqlarını açıqlamayıb. Lakin qeyd edib ki, Razr 60 modelinin qiyməti 799 avro, Razr 60 Ultra modelinin qiyməti isə 1299 avro təşkil edəcək.
    Mənbə: GSMarena
    Paylaş