main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 3 və Z Flip 3 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.08.2021
    Emil Nəcəfov
        Galaxy Unpacked 2021 təqdimat tədbiri çərçivəsində Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 3Galaxy Z Flip 3 smartfonlarını təqdim edib. Gəlin Galaxy Z Fold 3-dən başlayaq. İlk növbədə şirkət yeni qatlana bilən smartfonda əsas diqqəti dözümlülüyə ayırıb. Əvvəlki Galaxy Z Fold modellərində bu məsələ ilə bağlı problemlər var idi və onlar daha tez sıradan çıxırdılar. Lakin yeni Galaxy Z Fold 3 daha dözümlü olub. Xarici görünüş baxımından Galaxy Z Fold 3 əvvəlki modellərdən çox az fərqlənir. Buna baxmayaraq şirkət onu daha kompakt və daha yüngül hala sala bilib. Bununla belə smartfonun ekran ölçüsündə heç bir dəyişiklik olmayıb. Xarici tərəfdən smartfon hal hazırda bazarda ən dözümlü olan Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Daxili ekran isə yeni nəsil örtük ilə əhatə olunub və o, əvvəlki örtüklərdən 80% daha dözümlüdür.
        Bununla yanaşı smartfonun kameralarının obyektivləri Gorilla Glass DX qoruyucu şüşəsi ilə qorunurlar. Bu məhz kamera obyektivlərinin qorunması üçün nəzərdə tutulmuş xüsusi qoruyucu şüşələrdir. Smartfonun çərçivələri gücləndirilmiş alüminiumdan hazırlanıb. Galaxy Z Fold 3-də olan daha bir yenilik də ondadır ki, o, IPX8 standartı üzrə sudan qorunur. Bu qorunma özəlliyi qatlana bilən smartfolarda ilk dəfədir istifadə olunur. Bu isə o deməkdir ki, smartfon 30 dəqiqə ərzində 1.5 metr su dərinliyinə dözə bilər. Galaxy Z Fold 3-ü fərqləndirən əsas özəllik isə odur ki, onun daxili ekranı S Pen stilusunun dəstəyini əldə edib. Qatlana bilən smartfonlar üçün Samsung S Pen-in xüsusi versiyasını hazırlayıb və o, S Pen Fold Edition adını əldə edib. Onun vasitəsilə smartfon ekranında rəsmlər çəkmək və qeydlər aparmaq olar.
        Qeyd etmək lazımdır ki, stilus smartfonun komplektinə daxil deyil və smartfonun özündə stilusun yerləşdirilməsi üçün xüsusi giriş hissəsi yoxdur. Stilusu ayrıca almaq lazım gələcək. Onun yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi smartfon keysləri mövcuddur. Beləliklə Galaxy Z Fold 3 daxildən 120 Hz-lik təsvir yenilənməsinə sahib 7.6 düym Dynamic AMOLED 2X, xaricdən isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.2 düym Dynamic AMOLED X2 ekrana sahibdir. Qeyd etmək lazımdır ki, daxili ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş heç bir çıxıntı hissə yoxdur. Belə ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib. Beləliklə Galaxy Z Fold 3 ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameralı ilk Samsung smartfonudur. Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera 4 MP-likdir və onun piksellərinin ölçüləri 2 mikmometr, diafraqması isə f/1.8 təşkil edir.
        Sözügedən kamera əsasən videozənglər üçün nəzərdə tutulub. Lakin selfie fotoların çəkilməsi üçün smartfonun xarici ekranının üzərində 10 MP-lik (f/2.2 diafraqma) əlavə kamera mövcuddur. Digər əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 888 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, OIS) + 12 MP (f/2.2 diafraqmalı və 120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 12 MP (f/2.2 diafraqma, 2 qat optik zoom, OIS) üçlü arxa kamera və 25 vatt gücündə sürətli naqilli şarj texnologiyasına sahib 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 3 həmçinin 10 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Fold 3-ün satışlarına bu il start veriləcək. 256 GB yaddaşa sahib model 1799$-a, 512 GB yaddaşa sahib model isə 1899$-a satılacaq.
        İndi isə keçək Galaxy Z Flip 3 modelinə. Bu smartfon da dözümlülük baxımından bir qədər yeni özəlliklər əldə edib. Belə ki, o, Corning şirkətinin qoruyucu şüşələri ilə təchiz olunub və əvvəlki Galaxy Z Flip modellərindən fərqli olaraq digər parametrlər üzrə də təkmilləşdirilib. Galaxy Z Flip 3-ün əsas elementi məhz qatlana bilən ekranıdır. Smartfon 10-120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.7 düym Dynamic AMOLED X2 ekran ilə təchiz olunub. Təsvir yenilənməsinin avtomatik olaraq adaptasiya olunması hesabına istifadəçi daha axıcı təsviri əldə edir və bundan əlavə olaraq smartfonun enerji səviyyəsinə də qənaət edilir. Smartfon ekranı Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun arxa panelində yerləşən köməkçi ekranın ölçüsü 1.9 düymdür.
        Qeyd etmək lazımdır ki, birinci Galaxy Z Flip modelində həmin ekranın ölçüsü 1.1 düym idi. Köməkçi ekran 60 Hz-lik təsvir yenilənməsini, yeni vidjetləri, Always on Display funksiyasını və mesajları izləmək özəlliyini dəstəkləyir. Galaxy Z Flip 3-ün şarnir konstruksiyasında da dəyişiklik edilib. Qeyd etmək lazımdır ki, məhz bu konstruksiya sayəsində smartfonu qatlamaq mümkündür. Beləliklə yenilənmiş şarnir konstruksiyası ekran vəziyyətini istənilən bucaq altında təyin edir və xüsusi mexanizm konstruksiya daxilinə toz hissəciklərinin daxil olmalarının qarşısını alır. Smartfonun alüminium materialdan hazırlanmış gövdə çərçivələri də əlavə dözümlülük səviyyəsini təmin edirlər. Galaxy Z Flip 3 də Galaxy Z Fold 3 kimi IPX8 standartı üzrə sudan qorunma funksiyasını əldə edib.
        Şirkətin verdiyi məlumata əsasən bunun sayəsində smartfon yarım saat ərzində 1.5 metr su dərinliyinə dözə bilir. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/56 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, OIS) + 12 MP (f/2.2 diafraqmalı və 123 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) ikili arxa kamera, 10 MP-lik (f/2.4 diafraqma) ön kamera və 15 vatt gücündə sürətli naqilli şarj texnologiyasına sahib 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon 10 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir.
        Şirkət bununla yetinməyib Galaxy Z Flip 3-ə iki tərəfli şarj texnologiyasının dəstəyini əlavə edib. Bunun sayəsində istifadəçi naqilsiz qulaqlıqları və ya digər smartfonu Galaxy Z Flip 3-ün üzərinə qoyaraq şarj etdirə bilər. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Z Flip 3 bu ilin sentyabr ayında satışa çıxacaq. 128 GB yaddaşa sahib model 999$, 256 GB yaddaşa sahib model isə 1049$-a satılacaq. Yeni təqdim edilmiş bu smartfonların Technote-un təqdimatında icmallarını da aşağıdan izləyə bilərsiniz.
    Linki kopyala