main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.08.2022
    Farid Pardashunas
        Xiaomi xüsusi təqdimat tədbiri çərçivəsində qatlana bilən Mix Fold 2Redmi K50 Ultra flaqman smartfonlarını təqdim edib. İlk öncə qatlana bilən Mix Fold 2-dən başlayaq. Xiaomi keçən ilki Mix Fold modelinin sadəcə təkmilləşdirilmiş versiyasını deyil, tamamilə yeni smartfonu təqdim edib. Belə ki, Mix Fold 2 daha kompakt ölçüyə və daha güclü texniki özəlliklərə sahibdir. Qatlanmış vəziyyətdə Mix Fold 2-nin qalınlığı 11.2 mm, tam açıq vəziyyətdə isə 5.4 mm təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, USB Type-C girişinin qalınlığı 3.74 mm təşkil edir. Şirkətin verdiyi məlumata əsasən bu, dünyanın ən nazik qatlana bilən smartfon modelidir. Yeni qatlana bilən smartfonun çəkisi isə 262 qramm təşkil edir. Bu cür kompakt ölçünün əldə edilməsi üçün şirkət Mix Fold 2-də 18% daha nazik və 35% daha yüngül olan yeni şarnir konstruksiyasından istifadə edib.
        Beləliklə Mix Fold 2 modeli 1-120 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1914 piksel keyfiyyətli 8.02 düym daxili OLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6.56 düym xarici AMOLED ekran ilə təchiz olunub. Xarici ekran əlavə olaraq Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Daxili ekran üzərində ön kamera mövcud deyil. Buna görə də daxili ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Bunun yerinə ön kamera xarici ekran üzərində yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Mix Fold 2 həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 256 GB/512 GB/ 1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 13 MP (f/2.4 diafraqma) + 8 MP (f/2.6 diafraqma, Dual Pixel avtofokus sistemi, 2 qat optik zoom) üçlü arxa kamera, 20 MP-lik (f/2.45 diafraqma) ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI Fold interfeysli Android 12 vasitəsilə çalışır. Mix Fold 2 16 avqust tarixində Çində satışa çıxacaq. Smartfonun qlobal bazarda satılıb satılmayacağı bilinmir. Qeyd etmək lazımdır ki, birinci Mix Fold modeli nəticədə qlobal bazarda satışa çıxmamışdı. Beləliklə Çində Mix Fold-un 256 GB yaddaşa sahib versiyası 1335$-a, 512 GB yaddaşa sahib versiyası 1483$-a, 1 TB yaddaşa sahib versiyası isə 1780$-a satılacaq.
        İndi isə keçək Redmi K50 Ultra smartfonuna. Bu, Redmi K50 seriyasına daxil olan yeni flaqman smartfondur. Bu həmçinin Redmi brendinin Snapdragon 8+ Gen 1 prosessoruna sahib ilk smartfonudur. Xarici görünüşcə Redmi K50 Ultra modeli hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi 12S Pro-nu xatırladır. Lakin texniki özəlliklər baxımından bu smartfonlar fərqlənirlər. Redmi K50 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
        Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Əsas texniki göstəricilər baxımından Redmi K50 Ultra Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Redmi K50 Ultra-nın da qlobal bazarda satılıb-satılmayacağı məlum deyil. Ola bilsin ki, Xiaomi onu qlobal bazarda tamamilə fərqli ad altında satışa çıxartsın. Smartfonun Çindəki satış qiymətləri isə aşağıdakı kimidir:
    - 8 GB RAM + 128 GB yaddaş - 445$
    - 8 GB RAM + 256 GB yaddaş - 490$
    - 12 GB RAM + 256 GB yaddaş - 534$
    - 12 GB RAM + 512 GB yaddaş - 593$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər