RAM qiymətlərində kəskin artım Framework-u planlarını dəyişməyə məcbur etdi
Noutbuk istehsalçısı Framework yeni təqdim etdiyi Laptop 13 Pro modeli ilə bağlı qiymət və konfiqurasiya dəyişiklikləri etdiyini açıqlayıb. Şirkət bildirib ki, əsas səbəb yaddaş (RAM) modullarının tədarük qiymətlərinin gözlənilmədən iki dəfədən çox artmasıdır. Framework-un sözlərinə görə, şirkətin hazırda mövcud ehtiyatı əvvəlcədən verilmiş bütün sifarişləri qarşılamağa kifayət etsə də, anbardakı 16 GB, 32 GB və 64 GB LPCAMM2 RAM modullarının nisbəti sifariş olunan bütün konfiqurasiyalara uyğun gəlmir. Buna görə də bəzi müştərilərin sifarişlərində RAM həcmi və buna uyğun olaraq qiymət dəyişdirilib.
Şirkət dəyişikliklə razı olmayan istifadəçilərə əvvəlcədən ödənilmiş məbləğin tam şəkildə geri qaytarılacağını və sifarişi ləğv edə biləcəklərini də bildirib. Dəyişikliklər yeni sifarişlərə də təsir edib. Framework-un rəsmi saytında Laptop 13 Pro modelinin başlanğıc qiyməti artıq 1 599 dollar təşkil edir. Bu konfiqurasiyaya Intel Core Ultra 5 325 prosessoru, 16 GB RAM və 512 GB SSD daxildir. Bu isə ilkin elan edilən qiymətdən 100 dollar bahadır.
Paylaş
Bənzər xəbərlər
