
REDMI 8500 mAh batareyaya sahib nazik gövdəli smartfon üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, REDMI brendi böyük həcmli batareyaya sahib nazik gövdəli bir smartfon üzərində çalışır. Onun məlumatına görə, hazırlanan smartfonun gövdə qalınlığı cəmi 8.5 mm olsa da, batareyanın enerji tutumu 8500 mAh təşkil edəcək. Yaxın keçmişə qədər bu göstəricilər yalnız çəkisi və ölçüləri baxımından daha çox kərpicə bənzəyən cihazlarda mövcud idi. Təəssüf ki, insayder bunun konkret hansı modelə aid olduğunu açıqlamayıb - bu, gələcək Turbo seriyası, Note seriyası və ya tamamilə yeni bir smartfon modeli ola bilər.

Klassik litium-ion batareyalardan fərqli olaraq, silisium-karbon batareyalar daha yüksək enerji sıxlığına malikdirlər. Silisium-karbon batareyaların nəzəri enerji limiti 4200 mAh/qram təşkil edir, bu da onu göstərir ki, yaxın gələcəkdə smartfon batareyalarının tutumu daha da arta bilər. Digital Chat Station daha əvvəl həmçinin bildirmişdi ki, gələn il 10 000 mAh tutumlu batareyalara sahib kommersiya flaqmanları təqdim olunacaq. Silisium-karbon batareyaların əlavə üstünlüyü ondan ibarətdir ki, onlar zərbələrə və həddindən artıq qızmağa qarşı daha az həssasdırlar. Bu isə o deməkdir ki, istehsalçılar katod və anod arasındakı məsafəni təhlükəsiz şəkildə azalda bilərlər ki, bu da litium-ion texnologiyasında təhlükəli sayılan qalınlıqdan daha nazik bir batareya qablaşdırılması yaratmağa imkan verir.
Paylaş